Dekabrın 20-də İtaliyanın Florensiya şəhərində Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi təşkil olunub. Layihə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə gerçəkləşib.
Sərginin açılışında Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko çıxış edərək qurumun 30-dan çox ölkə ilə əlaqələrinin olduğunu deyib. O, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə 13 ildən bəri əməkdaşlıq etdiklərini, bu əlaqələrin təməlinin məhz Florensiyanın “Auditorium al Duomo” Mərkəzində qoyulduğunu diqqətə çatdırıb. Azərbaycanın zəngin mədəni irsindən, nadir memarlıq nümunələrindən bəhs edən Fondun direktoru bu irsin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsində sərginin əhəmiyyətini vurğulayıb.
Sonra ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, ölkəmizdə həyata keçirilən iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib. Sərginin əhəmiyyətindən danışan səfir nümayiş etdirilən nümunələrlə canlı tanış olmaq üçün tədbir iştirakçılarını Azərbaycana dəvət edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi tədris ocağı ilə Romualdo Del Bianko Fondu arasında əməkdaşlığın tarixindən danışıb. Rektor istər Bakıda, istərsə də Florensiyada birgə çoxsaylı tədbirlər təşkil edildiyini bildirib, səmərəli əməkdaşlığa görə Fondun prezidentinə təşəkkür edib. G.Məmmədova Azərbaycanda son illərdə memarlığın yüksək inkişaf dövrü yaşadığını bildirib, sərgidə təqdim edilən layihələrin bunun göstəricisi olduğunu vurğulayıb.
Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib. O, hər bir layihənin konsepsiyası, texniki tərəfləri, eləcə də Bakının sosial, iqtisadi və mədəni həyatındakı rolu barədə danışıb.
Sərgi iştirakçılarda böyük maraq doğurub.