Oğrudan oğruya pay düşürmü?
Məsəl var, deyərlər ki, oğrudan oğruya halaldır. Hərçənd oğurluqda halallıqdan necə söz etmək olar, bu da ayrı məsələdir. Əgər nəsə oğurluqdursa, deməli, artıq haramdır.
Bir qədər dərindən düşündükdə belə bir qərara gəlirsən ki, həyatda rastlaşdığın, bəzən isə özünün də qol qoyduğun o qədər əməl var ki, nə adlanmağından asılı olmayaraq, əslində elə oğurluqdur. Lap elə bu ailədə olduğu kimi...
Ər yaraşıqlı və cavan həyat yoldaşını layiq bildiyi, həm də arvadının ürəyindən keçən tərzdə dolandıra bilmədiyindən belə güman edir ki, arvadının səadətini oğurlayır, buna görə də onun xəyanətini görməzdən gəlir. Arvad cavan qonşusu ilə eşqbazlıq etməsini bir-birinə oxşayan cansıxıcı günlərin bəzəyi sayır, əslində həyat yoldaşına bəxş etməli olduğu sevgini, qayğını ondan oğurlayır. Qonşu oğlan da o peyda olanadək ürəkləricə olmayan güzərana tablaşan ər-arvadın dincliyini oğurlamaqla məşğuldur.
Bilmirəm, təsvir olunan bu «sevgi» üçbucağı oxucuya nə qədər tanış gəlir, amma mən bu həftə Sumqayıt Dövlət Dram Teatrında səhnəyə vəsiqə alan «Oğru» tamaşasından danışıram. Fransız yazarı Marsel Berkye Marinyenin 1959-cu ildə qələmə aldığı «Oğru» pyesi o vaxtdan səhnələrdən düşmür. Əsərin mövzusu - insan qadın-kişi sevgisinin nə olduğunu dadandan bəri əsl məhəbbətin qiymətini axtarması, üstəlik, dramaturji gərginlik bu pyesə teatr rejissorlarının rəğbətini azaltmır.
Əsərə quruluş verən Rövşən Almuradlı da «Oğru»ya öz münasibətini qabardıb. Ondan başlayaq ki, rejissor əsəri bu günlə səsləşdirməkdən ötrü mətnə rep oxumaları əlavə edib ki, bütün personajların həm tamaşanın ruhuna uyğun gələn, həm də bu günün mənəvi-maddi dəyər tarazlığının pozulmasından bəhs edən mətnləri ifa etməsi əsərin təsir gücünü artırır. Yeri gəlmişkən, rep mətnlərini Mais Mirzəquliyev qələmə alıb. Tamaşaya Əməkdar incəsənət xadimi Sərdar Fərəcov musiqi bəstələyib, rəssamı isə Osman Salmanovdur.
Bəs əsərdə oğurlanan nədir? Mişlin (İlahə Səfərova) əri Kludu (Əməkdar artist İzaməddin Bağırov) işə yola salan kimi qonşusu Dominiklə (Şəmistan Süleymanlı) görüşür. Amma bu dəfə kasıbyana, balaca mənzildə baş tutan görüş həmişəki aşiq-məşuq görüşünə heç bənzəmir. Dominik deyir ki, Mişlinlə gəzməyə gedərkən aldıqları lotereya bileti 6 milyon frank udub. Və o bu məbləği sevgilisi ilə kef çəkməyə xərcləmək niyyətindədir. Bu məqamdaca Mişlinin qəlbində əsl qadın instinkti baş qaldırır: varlanmış Dominikdən onunla evlənəcəyini soruşur. Lakin nala-mıxa vuran sevgilisindən onu razı salacaq cavab almağa macal tapmamış Klud qəfil evə qayıdır. Gəldiyi pəncərədən qaçan Dominik uduşlu bileti Mişlinin mənzilində unudur.
Çətir götürmək üçün evə qayıdan Klud isə qəzetdəki uduş cədvəlini görəndə aldığı lotereya biletləri yadına düşür və biletlər bir-birinə qarışdığı üçün bir anda milyonçu olduğuna sevinir. Mişlin etiraz edəndə isə Klud bu vəsaiti arvadına xərcləyəcəyini deyir. Banka yollanmış ərinin etirafından sarsılan Mişlin isə hər şeyi Dominikə danışır. Dominik öz halal pulunu qaytarmaq üçün oğurluq planı cızır. O, gecə oğurluğa gələndə isə məlum olur ki, uduşu ondan qabaq kimsə çırpışdırıb. Oğurluqdan xəbər tutan Klud hər şeyi itirdiyini deyəndə, Mişlin ona belə bir sual verir: «Bəs mən?». Beləcə, qəfil gəlib qəfil də gedən pullar sanki Mişlini ayıldır, saxta eşq macərasının gəldi-gedər olduğunu anlayır, fağır Kludun arvadı olaraq qalmağı üstün bilir.
Bu tamaşada bir obraz da var: lotereya satıcısı, məhəllədəki hər şeydən xəbərdar olan, həm də Dominiki qabaqlayan insaflı (çünki pul dolu çamadanı yerinə qaytarır) oğru Dede Şapoklyak (Elmir Mehdiyev). Klud Mişlinin gözündən oğurlanıb pulları yerinə qoyan Dede ilə gözləşəndə, diqqətli tamaşaçı anlayır ki, Klud o qədər də fağır deyilmiş. Sadəcə, onun əl-qol açması üçün maddi vəziyyətinin bir qədər yaxşılaşmasına ehtiyacı varmış.
Tamaşa zamanı personajlar arada mətndən kənara çıxaraq işıqçıya, səs rejissoruna müraciətlər edirlər. Yəni əslində bu müraciətlər rep söyləmək üçün keçiddir. Amma quruluşçu rejissor, aktyorlar bu müraciətlərlə həm də salona bir ismarış ötürürlər ki, səhnədə seyr etdiyiniz yalnız tamaşadır, özü də bu tamaşadakı olayların bizə və bizdən olan tamaşaçılara dəxli yoxdur. Nə deyirik ki, təki elə olsun. Amma unutmayaq ki, bir el məsəlinə görə də, tutulmayan oğru deyil.
Gülcahan Mirməmməd