Bolqarıstanın “Standart” qəzetinin təşəbbüsü ilə irəli sürülmüş “Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində bu ölkənin Milli Tarix Muzeyində rəsmi mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə ölkənin rəsmiləri, Sofiya şəhərinin meri Yordanka Fandıkova, biznes nümayəndələri iştirak ediblər.
Altı il davam edən “Bolqarıstan möcüzələri” kampaniyasının məqsədi bu ölkənin mədəni-tarixi irsinin qorunması və təbliği, həmçinin alimlər və mütəxəssislərlə birgə yeni mədəni turizm marşrutlarının inkişafıdır. Ölkə üzrə bu sahədə ən böyük milli kampaniya olan “Bolqarıstan möcüzələri” layihəsi çərçivəsində mədəni və tarixi irsin təşviqi məqsədilə səyahət bələdçiləri nəşr olunur. Kampaniya, həmçinin turizm sənayesinin inkişafı naminə təsirli layihələrin irəli sürülməsi məqsədilə bolqar biznes dairələrini təşviq edir. Kampaniya çərçivəsində hər il ümummilli səsvermə keçirilir və səsvermədə iştirak edən bolqar xalqı daha çox qürur duyduqları Bolqarıstan “möcüzə”lərini müəyyən edir.
“Standart” qəzetinin təşkil etdiyi mükafatlandırma gecəsində “Görməli yerlər”, “Kəşf”, “Dəfinə”, “Muzey”, “Mesenat” kateqoriyalarında mükafatlar və təltiflər təqdim olunub. Tədbirdə Azərbaycana “2016-cı ilin mesenatı” kateqoriyasında fəxri fərman verilib. Fəxri fərman Bolqarıstanın mədəniyyət nazirinin müavini, məşhur arxeoloq xanım Boni Petrunova tərəfindən Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanovaya təqdim edilib.
Nazir müavini Veliko Tırnovo şəhərində yerləşən, Bolqarıstan üçün xüsusi əhəmiyyət kəsb edən “Trapezitsa” Tarixi memarlıq qoruğunun bərpasına verdiyi dəyərli töhfəyə görə Azərbaycan tərəfinə bolqar xalqı adından və şəxsən öz adından dərin minnətdarlığını ifadə edib.
Səfir N.Qurbanova fəxri fərmana, eləcə də bolqar xalqının ölkəmizə verdiyi yüksək qiymətə görə təşəkkürünü bildirib və Azərbaycan tərəfinin orta əsr Bolqarıstan memarlığının incisi olan “Trapezitsa” Tarixi memarlıq qoruğunun bərpasına yardım etdiyinə görə fəxr etdiyini söyləyib.
Qeyd edək ki, mərasim Bolqarıstanın “Kanal 3” televiziya kanalında canlı olaraq yayımlanıb və mediada işıqlandırılıb.