Qəhrəman döyüşçü, dərin alim, saysız rəsmi titulları sırasına “öldürülən ölməz” deyimi də əlavə olunmuş fenomen...
   
   Böyük şəxsiyyətlər hər xalqın həm də tanıtım taleyi üçün doğulur və onun “milli mənlik” səhnəsində “əbədi baş rollar” oynayırlar. Şöhrəti keçmiş sovetlər ölkəsindən çox uzaqlara yayılmış şərqşünas-tarixçi alim, müharibədə olduğu “cərimə batalyonu”ndakı misilsiz şücaətləri hesabına aldığı Sovet İttifaqı Qəhrəmanı adıyla “ştrafbat” anlayışını belə “duruya çıxarmış”, cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilməsilə tutduğu yoldan dönməzlik ölməzliyini sübuta yetirmiş Ziya Büyadov da bizim xalqın ümummilli tale-tanıtım nəfinə doğulmuşlardandır...
      
   Qəhrəmanlığa aparan uşaqlıq illəri...
   
   Əvvəlcə qeyd edək ki, Ziya Bünyadovun hərbçi olmaq istəyi, habelə bir neçə dil öyrənməyi yox yerdən yaranmayıb; atası Musa Bünyadov (Rusiyada Oktyabr çevrilişindən xeyli əvvəl) ataman Lyaxovun rəhbərlik etdiyi kazak diviziyasında hərbi tərcüməçi olmuş və bir neçə xarici dil bilirmiş. Bu səbəbdən də Ziya elə uşaqlıqdan ərəb dilində danışır, Quranı sərbəst oxuyurmuş. Bu zəngin ibtida onilliklər sonra onun müqəddəs kitabı dilimizə kamilliklə (Vasim Məmmədəliyevlə birgə) çevirməsinə də yarayıb. Rus dilini “yiyələrindən də yaxşı” bilməsi isə anasının (Raisa Qusakova) hələ çar dövründən Qafqaza köçürülmüş ruslardan olmasına bağlıymış. Bütün bunlara baxmayaraq, Ziya Vətən, vətəndaşlıq, etnokökənlik sarıdan “ana vətən”çidən çox “ata vətən”çi oldu, son nəfəsinədək müsəlman, azərbaycanlı ab-havasıyla yaşadı. Həm də axı o, Şeyx Bünyaddan başlamaqla, 13 şeyx şəcərəli bir nəsli təmsil edirdi...
   Atasının hərbi xidmətdə olduğu Astarada doğulmuş (1923), ailədə altı uşağın böyüyü olmuş və körpəlikdən çox ciddi tərbiyə almış Ziyanın orta məktəb illəri yenə atasının xidməti işiylə əlaqədar köçdükləri Göyçayda keçib. Orta məktəbi 16 yaşında bitirmiş bu “nadinc oğlan” aviasiya məktəbinə daxil olmaq arzusu ilə Bakıya gəlir. Tibbi komissiyadan keçə bilmədiyi üçün sənədlərində 2 yaş artırma fərasətilə Hərbi Piyadalar Məktəbinə daxil olub, əla qiymətlərlə bitirir, 1941-ci ilin mayında leytenant rütbəsilə Bessarabiyaya göndərilir və Sovet İttifaqı Qəhrəmanı adı alacağı Böyük Vətən müharibəsinin ilk döyüşünə də elə (müharibənin başlandığı andan bir saat sonra) orada başlayır. 
   Sonralar fenomenal alim olası bu adam, iki dəfə yaralanıb (bir kərə də kontuziya alıb) hospitallara “sərf etdiyi” müddətlər istisna edilməklə, bütün müharibə boyu ön cəbhədə olub. Ayağı dəyən ünvanları sadalamağın qeyri-mümkünlüyü səbəbindən, heç olmasa, misilsiz qəhrəmanlıqlar göstərdiyi Ukrayna, Moldova, Belarus, Polşa, Mozdok cəbhələrini xatırladaq. Ancaq, toplasan, serial-cild olası “Qəhrəman və alim Bünyadov” sənədlərindəki bəzi döyüş fraqmentləri üstündən keçmək olmaz: 
   “Bünyadov və əsgərləri polkun bayrağını xilas etmək üçün misilsiz bir şücaətlə döyuşə-döyüşə mühasirəni yardılar”. 
   “Haqlı olduğunu sübut etməkçün komandirlə mübahisə etdiyinə görə cərimə rotasına salınan və orada olduğu 1 ilə yaxın müddətdə rotadakıların dərin hörmətini qazanan gənc leytenant Z.M.Bünyadov atıcı rota komandirliyindən bütövlükdə cərimə rotasının başçısı təyin edilib”.
   “Cərimə batalyonlarında xidmət edənlərin “ən ağır döyüşlər”lə də cəzalandırılması (və onların da daimi daxili narazılıqları) hamıya məlumdur. Lakin Visla-Oder əməliyyatı zamanı kapitan Z.Bünyadovun cərimə rotası Pilitsa çayı üzərindəki minalanmış 80 metrlik körpünü qeyri-cərimə batalyonu döyüşçülərindən də artıq bir əzmlə döyüşüb ələ keçirmiş və əsas qüvvələr gələnədək saxlaya bilmişlər. Əsas qüvvələr gələndə 670 döyüşçüdən 47-si sağ qalmışdı...”
   Nəhayət, onun bu 22 orden-medallıq döyüş epizodlarından ən yüksək təltifilə əlaqəli bir sənəddən:
   “1945-ci il yanvarın 14-16-da düşmənin Manquş platsdarmındakı müdafiəsinin yarılmasında iştirak edərkən kapitan Z.M.Bünyadovun 123-cü əlahiddə rotası, dəqiq komandanlıq nəticəsində, dəmiryolunu adlayaraq Pilitsa çayını hamıdan əvvəl keçmiş və sol sahildə tutduğu mövqeləri qvardiya diviziyasının əsas hissələrinin gəlişinə qədər saxlamışdır. Rota 160 düşmən əsgəri və zabitini məhv etmiş, 5 ədəd altılüləli minaatan, üç top, çoxlu sayda avtomat, tüfəng, hərbi sursat, ərzaq və başqa qənimət ələ keçirmişdir. Rotanın komandiri Z.M.Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiqdir”.
   Bəli, həmin döyüşdən 42 gün sonra - 1945-ci il fevralın 27-də Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilir...
   O, 1945-in mayından 1946-nın mayınadək Berlinin Pankov rayonunda komendant köməkçisi olur...
   
   Total Qəhrəmanlıqdan fenomenal alimliyə...
   
   Elə ordudan tərxis olunduğu il Moskva Şərqşünaslıq İnstitutuna, 1950-də aspiranturasına qəbul edilən Z.Bünyadov dörd il sonra “İtaliya imperializmi Afrikada” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və Bakıya qayıdır. Azərbaycan EA Tarix İnstitutunda elmi axtarışlarını davam etdirir. Bir il ADU-nun (BDU) Şərqşünaslıq fakültəsində müəllim işləyir. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda Orta əsrlər tarixi şöbəsinə rəhbərlik edir, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alır. Ötən əsrin 60-cı illərində “Azərbaycanın 150 il əvvəl Rusiyanın tərkibinə daxil olmasının “könüllü-könülsüz”lüyü haqda gedən elmi (?!) mübahisələrdə “...Doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb” müddəası ilə milli ziyalıların dərin rəğbətini, “partiya və hökumət”insə ondan da dərin nifrətini qazanan Bünyadov, müxtəlif təhdid-təzyiqlərə baxmayaraq, atəşli cəbhədəki şücaətlərini “atəşsiz” cəbhədə də davam etdirərək, bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı sanballı tədqiqat əsərlərilə çıxış edir. 
   1965-ci ildə ona professor elmi adı verilib, Ankara Türk Tarix Qurumu konqreslərinin daimi iştirakçısı olub və türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə, həmin qurumun müxbir üzvü, 1988-ci ildə fəxri üzvü seçilib. 1967-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, bir il sonra həqiqi üzvü seçilib. 1970-ci ildə “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru, 1981-ci ildən akademiyanın Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrinə təyin olunub. 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib.
   80-ci illərin axırları - 90-cı illərin əvvəllərində o, daha böyük alim, çevik tədqiqatçı kimi Azərbaycanın açılmamış arxivlərinə baş vurur, özünü bu vacib işə həsr edərək, tariximizin XX əsrə aid səhifələrini açıb, dövri mətbuata çıxarır, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması (1918) ərəfəsində gedən proseslərlə müstəqilliyimizin bərpası arasında paralellərilə çağ oxucularını məlumatlandırdı, 1990-cı illərdə Azadlıq meydanında “Qarabağ-Yerevan-Moskva” məntiqini heçə çıxaran kəskin nitqlər etdi. 
   Bu böyük alimin çox qiymətli əsərlərindən “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti”, “Dinlər, təriqətlər, məzhəblər”, “Xarəzmşahlar-Anuştəkinilər dövləti”, saysız-hesabsız məqalə və publisistik yazılarından “Babək və Bizans”, “Şəki qalasının yeri haqqında təzə məlumatlar”, “Bəzz qala-şəhərinin lokalizasiyası barədə”, “Mingəçevir” adı haqqında”, “Qarapapaqlar”, “Miflər və mifuyduranlar”, “Hansı Naxçıvan?”, “Şah İsmayıl, yaxud Xətai”, tərcümələrindən “Alban tarixi”, “Sultan Cəlaləddin Məngburnunun həyatı”, “Fəthlər kitabı” və sairlərin adları hər zaman böyük vətəndaş iftixarı ilə xatırlanır...
   
   Tahir Abbaslı