Avropa Şurasının İnformasiya cəmiyyəti idarəsinin proqram rəhbəri Leila Marşania Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirdiyi təşəbbüslərin uğurlu olduğunu bildirib. Bu baxımdan «İfadə azadlığı və media azadlığı» layihəsinin də faydalı nəticələr verdiyi diqqətə çatdırılıb.
Ə.Amaşov bir qrup media nümayəndəsinin may ayında Avropa Şurasının struktur bölmələrində, eləcə də Avropa Məhkəməsində keçirilən təlimlərə qatılmalarını, Bakıda və ölkəmizin müxtəlif rayonlarında jurnalistlər üçün söz və ifadə azadlığının, peşəkarlığın müxtəlif aspektlərinə dair seminarların təşkilini konkret məqamlar kimi vurğulayıb.
Avropa Şurasının İnformasiya cəmiyyəti idarəsinin proqram rəhbəri L.Marşania da Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan məmnunluğunu bildirib. «İfadə azadlığı və media azadlığı» layihəsi çərçivəsində reallaşdırılmış təşəbbüslərin davam etməsinin zəruriliyini vurğulayan qonaq təmsil etdiyi qurumun bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu deyib.
Görüşdə media peşəkarlığı, söz və ifadə azadlığı ilə bağlı fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın ayrı-ayrı cəhətlərinə diqqət yetirilib.