Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağaxan Minaxan oğlu Abdullayev 2016-cı il dekabrın 25-də ömrünün 67-ci ilində vəfat etmişdir.
Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968-1973-cü illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil almışdır. Erkən yaşlarından musiqiyə böyük maraq göstərən Ağaxan Abdullayev bu illər ərzində muğamın incəliklərinə yiyələnməyə başlamışdır. Həmin dövrdə onun belə zəngin mədəni-mənəvi irsimizi mənimsəməsində və sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olmuşdur.
Əmək fəaliyyətinə 1969-cu ildən etibarən Bakı şəhərində Əbilov klubunda başlayan Ağaxan Abdullayev 1977-ci ilədək burada ansambl rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildən taleyini Asəf Zeynallı adına Musiqi Məktəbi ilə bağlamış və ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən bu tədris ocağında muğam müəllimi işləmişdir.
Güclü, məlahətli və geniş diapazonlu səsə malik sənətkar Ağaxan Abdullayev sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış və özünəməxsus ifa tərzi ilə seçilərək Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermişdir. Milli xanəndəlik məktəbinin nailiyyətlərinə sədaqətlə muğamın klassik ifa üslubunun və bütövlükdə Azərbaycan milli musiqi sənətinin saflığının qorunub saxlanması onun 40 ildən artıq müddət ərzindəki fəaliyyətinin qayəsini təşkil edirdi. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər və xalq mahnıları məhz onun ahəngdar ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olmuşdur. Xanəndə özünün yüksək səhnə mədəniyyəti sayəsində muğam bilicilərinin ehtiramını və musiqisevərlərin məhəbbətini qazanmışdır.
Respublikanın müxtəlif ansambllarının və eləcə də milli üçlüklərin müşayiəti ilə çıxış edən sənətkar Azərbaycan muğamını ənənə və novatorluğun vəhdətində üzvi şəkildə birləşdirərək müasir dövrdə onun pərəstişkarlarının sayının qat-qat artmasına nail olmuşdur. Xarici ölkələrdə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərinin və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Ağaxan Abdullayev milli mədəniyyətimizi layiqincə təmsil etmiş və ölkəmizin hüdudlarından uzaqlarda məşhur konsert salonlarındakı çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarmışdır. Onun səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəbdir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adını qazanmışlar. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı proqramlarda iştirakı onun muğam ifaçılığı ənənələrinin qorunması istiqamətindəki fəaliyyətinin ayrılmaz parçası idi.
Ağaxan Abdullayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Ağaxan Minaxan oğlu Abdullayevin əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Mehriban Əliyeva, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Zeynəb Xanlarova, Siyavuş Kərimi, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Murad Hüseynov.