Prezident yanında Bilik Fondunun 10-25 yaşlı yeniyetmə və gənclər arasında “Vətənin pərvəri ol!” mövzusunda elan etdiyi ənənəvi şeir və rəsm müsabiqəsinə yekun vurulub.
Dekabrın 23-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müsabiqəyə göndərilmiş rəsmlərdən ibarət sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasiminə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Təhsil Nazirliyinin Yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, müsabiqə iştirakçıları, Fondun könüllüləri qatılıblar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qalib olan yeniyetmə və gəncləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Akademiyanın rektoru Ömər Eldarov sərgidə nümayiş olunan rəsmlərin hər birini yüksək dəyərləndirdiyini bildirib, gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında belə tədbirlərin böyük rolu olduğunu qeyd edib.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, müsabiqənin münsiflər heyətinin üzvləri - Mirmehdi Ağaoğlu, Gülan Əzizxanlı çıxış edərək gənc nəslin yaradıcı meyllərinin cilalanmasında, onların dünyagörüşünün inkişafında belə müsabiqələrin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, müsabiqəyə müxtəlif şəhər və rayonlardan iki nominasiyada 219 iş (57 şeir və 162 rəsm) qəbul edilib. Qaliblərə Bilik Fondunun diplomları və hədiyyələr təqdim edilib.
Müsabiqədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəsm dərnəyindən 15 tələbə iştirak edib. 5-15 yaşlı tələbələr arasında rəsm nominasiyası üzrə Tuana Məmmədova (9 yaş) I yer, Aydan Səttarzadə (8 yaş) III yerə layiq görülüb. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının daha bir neçə yetirməsi həvəsləndirici mükafatla təltif olunub.