Çağdaş zamanda kitab həm də ölkənin təqdimat və təbliğat vasitəsidir
   
   Dünya mədəni irsinin ən qədim qatlarına şahidlik edən və zamanın texnoloji yenilikləri ilə ayaqlaşan (əlyazma, çap, elektron) kitab sənəti Azərbaycanda da zəngin tarixə malikdir. Hər ötən il kitablarımızın dünyada təqdimatı və onlar sayəsində ölkəmizin təbliği və tanıdılması baxımdan mühüm hadisələrlə yadda qalır. 2016-cı il də bu sarıdan əlamətdar oldu. 
   Bu il ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə London (aprel), Turin (may), Moskva (sentyabr), Frankfurt (oktyabr) və İstanbulda (noyabr) beynəlxalq kitab sərgilərində təmsil olundu. Onu da qeyd edək ki, Azərbaycan paytaxtı da 2009-cu ildən etibarən iki ildən bir beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi edir. 2017-ci ildə Bakıda böyük kitab bayramı 5-ci dəfə təşkil olunacaq.
   Cari il həmçinin kitabxanalar bir sıra yeniliklər, maraqlı layihələrlə diqqət çəkdilər. İyul ayında nazirliyin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında Milli Kitabxananın nəzdində yaradılan və 24 saat ərzində xidmət göstərən “Açıq kitabxana” şəhər sakinlərinin və qonaqların sərbəst şəkildə kitab mütaliə edə biləcəyi bir məkandır. Layihə bölgələrdə də maraq doğuraraq qabaqcıl təcrübə kimi yerlərdə də tətbiq edildi.
   Bu il ölkə Prezidentinin müvafiq sərəncamları, kitabxanaların və oxucuların tələbatı, həmçinin müəlliflərin, qurumların müraciətləri nəzərə alınmaqla 40 adda kitabın nəşri başa çatdırılıb. Eləcə də nazirliyin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilində nəşri reallaşdırılıb. Türkiyədə isə Azərbaycan ədəbiyyatı nümunələrinin türk dilində silsilə nəşrlərinə başlanılıb.
   Ənənəvi olaraq bu il də kitab nümunələrimiz MDB üzrə “Kitab sənəti” beynəlxalq müsabiqəsində uğurla iştirak edib. Bişkekdə keçirilən 13-cü müsabiqədə 4 kitab I dərəcəli, 2 kitab II dərəcəli, 1 kitab III dərəcəli və 1 kitab isə xüsusi diploma layiq görülüb.