Elə yuvarlaq ildönümləri var ki, onların qeyd olunması nəinki günlərlə, hətta aylarla davam edir. 2016-cı il də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyi münasibətilə düzənlənən irili-xırdalı tədbirlərlə süslü oldu. Ən böyük və ən son tədbir isə dekabrın 28-də keçirildi.
Bayramsayağı bəzədilmiş teatr binası, teatrın gülərüz işçiləri və milli geyimli kuklalar gələn qonaqları qarşılayırdılar. Gələnlər arasında çağdaş teatrımızın məşhur simaları, paytaxtdakı digər teatrların rəhbərləri, teatrın veteranları, mətbuat nümayəndələri vardı. Hətta bu qədər qonağı görəndə adama elə gəlirdi ki, biz bayram şənliyindən daha çox rəsmi tədbirə yığışmışıq. Amma yox, hər şey kukla teatrının adına daha uyğun, balacalı-böyüklü hər kəsin könlünü sevindirəcək qədər bayramsayağı idi.
Yubiley tədbirində səhnəyə ilk çıxan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oldu. Nazir salona toplaşmış hər kəsi salamladıqdan sonra 1931-ci ildə aktyor Molla Ağa Bəbirlinin təşəbbüsü ilə yaradılmış kiçik kollektivin müxtəlif formalarda fəaliyyət göstərərək böyük tarixə malik dövlət teatrı səviyyəsinə çatmasından danışdı. Bu gün Azərbaycan teatrının ayrılmaz hissəsi olan Kukla Teatrının binasının da müvafiq dövlət proqramına uyğun olaraq ilk təmir edildiyini vurğuladı. Çünki gənc nəsil ilk dəfə teatrla məhz bu binada ünsiyyətdə olur, burada teatrsevərə çevrilir. Nazir xüsusi qeyd etdi ki, müstəqillik dövründə teatrlarımız arasında ilk dəfə xarici ölkələrdəki teatr festivallarına məhz bu teatr ayaq açıb. Eləcə də bu teatrda ilk dəfə Beynəlxalq Kukla Teatrları Festivalının təməli qoyulub.
Əbülfəs Qarayev bu il 30 yaşını qeyd edən Gəncə Kukla Teatrına da salamlarını yollayaraq, A.Şaiq adına teatrın ölkədə kukla teatrı ənənəsinin təməlini qoyduğunu vurğuladı. Nazir çıxışının sonunda teatrın bütün kollektivini yubiley münasibətilə təbrik etdi.
Sonra teatrın əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin mükafatları təqdim edildi. Teatrın baş rejissoru Qurban Məsimov, baş rəssam İqbal Əliyev, «Oyuq» teatr studiyasının rəhbəri Səidə Haqverdiyeva «Fəxri mədəniyyət işçisi» döş nişanları, aktyorlar Rəhman Rəhmanov, Elnur Abbasquliyev və Lina Məmmədova, rejissor Anar Məmmədov və teatrın ədəbi hissə müdiri Həmidə Rüstəmova fəxri fərmanlar ilə təltif olundular.
Azərbaycan Teatr Xadimləri İttifaqı da belə bir gündə Kukla Teatrını təbrik etməyə bilməzdi. Səhnəyə çıxan ittifaqın sədri, Xalq artisti, professor Azərpaşa Nemət və sədr müavini, Xalq artisti Hacı İsmayılov uşaqların sevimli qocaman teatrı barədə ürək sözlərini deyərək, teatrın bir neçə aktyoruna yaradıcılıq qurumunun fəxri fərmanlarını təqdim etdilər. Rəhilə İbadova, Rauf Babayev, Samirə Nəcəfova, Sona Quliyeva, Cavid İbrahimov və Elnur Abasquliyev mükafatlandırılanlar arasında idilər.
...Bayaqdan tamaşa salonunda birinci cərgədə əyləşmiş teatrın yaradıcı heyəti ayağa qalxıb tamaşaçıların alqışları altında səhnənin arxasına keçdi. Bəs necə? Axı, bədii hissə başlayırdı. Necə deyərlər, teatr öz ad günündə oynasa, tamaşaçısı çox olar. Aktyorlar çıxışa hazırlaşınca biz də səhnədə quraşdırılmış böyük ekranda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 85 illik tarixini əks etdirən video-çarxa tamaşa etdik.
Bu tanışlığın ardınca «Konsert-tamaşa - 85» adlı proqram təqdim olundu. Babanın nəvəsinə 85 illik tarixə malik teatr barədə kitabı oxumağını tövsiyə etməsi ilə başlayan tamaşa qısa süjetlər və sürətli keçidlərlə bir neçə dəqiqə ərzində milli kukla teatrı ənənələrini hər kəsə xatırlatdı. Teatrın repertuarındakı tamaşalar da səhnəyə qalxıb enən kilimin önündə və arxasında oynanılaraq, bizim kuklaçılıq sənətinin kökündə «Kilimarası» xalq oyununun durduğunu izah edirdi. Təxminən bir saat ərzində səhnədə kimləri görmədik: Qırmızıpapağın nənəsini, Canavarı, Qoğalın əlində aciz qalan Baba ilə Nənəni, Gözəl və Bədheybəti, Karlson ilə Balacanı, Cırtdan ilə onun cəsur dostlarını, Divdən çəkinməyən Qoçaq Əhmədi, Küpəgirən qarını, Tıq-tıq xanımı, «Ağ və qara»nın Balacasını, Pinokkio ilə rəfiqəsini, hətta Məşədi İbadı!..
Kukla Teatrının nəzdindəki «Oyuq» teatr studiyasının balaca aktyorları da peşəkarlardan heç geri qalmadılar. Onların ifa etdiyi «Ordumuzun igidləri» mahnısını salon gur alqışlarla qarşıladı.
Sonda isə bütün kollektiv «Bizim kukla teatrı» mahnısını ifa etməklə yubiley tədbirini tamamladı.
Adətən yubileydən sonra bayram yorğunluğunu çıxarmaq üçün bir neçə gün istirahət edərlər. Yəqin düşünürsünüz ki, Kukla Teatrı da yubiley tədbirindən sonra dincəlir. Amma yox. Bu gündən etibarən teatrda «Yeni il nağılı»nın nümayişinə başlanılır. Hamınıza uğurlar, 85 yaşlı uşaq qəlbli, gənclik həvəsli həmişəcavan teatr!
Gülcahan Mirməmməd