Son illər ölkəmizdə mədəni irsin qorunması istiqamətində bir sıra islahatlar aparılıb. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiq olunan dövlət proqramları mədəni irsin qorunub saxlanılması, abidələrin öyrənilməsi və mühafizəsi ilə bağlı işlərə təkan verib. 
   27 dekabr 2013-cü il tarixdə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” bu sahədə mühüm fəaliyyət sənədidir. Dövlət Proqramına uyğun olaraq 2016-cı il ərzində qoruqların xəritələrinin, milli pasportlarının hazırlanması, veb-saytlarının yaradılması istiqamətində işlər aparılıb.
   Tarixi-mədəni irsin qorunması ilə yanaşı, onun təmir-bərpası da vacib əhəmiyyət kəsb edir. Eyni zamanda bu sahədə xarici təcrübənin də öyrənilməsi və tətbiqi önəmlidir. Hazırda Şəkinin tarixi hissəsinin Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi istiqamətində işlər davam etdirilir. Bu il həmçinin “Avey” Dövlət tarix-mədəniyyət qoruğu da daxil olmaqla bir sıra tarixi məkanlarda tədqiqat işləri aparılıb.
   İl ərzində 221 abidənin pasportlaşdırılması və 100 abidənin qoruq zonasının müəyyən edilməsi işləri yekunlaşdırılıb. Bakı şəhəri və respublikamızın 10 rayonunda 1811 abidədə monitorinq aparılıb.
   İndi ölkəmizdə fəaliyyət göstərən mədəniyyət müəssisələri, xüsusilə tarixi abidələr, qoruq və muzeylər mədəni irsin təbliğ olunduğu, turistlərin əsas ziyarət etdiyi yerlər kimi məşhurlaşır. Təsadüfi deyil ki, il ərzində turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunmuş müxtəlif tədbirlər, mədəniyyət proqramları, açıq qapı günləri nəticəsində tarix-mədəniyyət qoruqlarını 250 min turist ziyarət edib.
   * * *
   Mədəni irsin qorunması və təbliğində ölkəmizdə fəaliyyət göstərən muzeylərin xüsusi əhəmiyyəti var. Xalça Muzeyi, Milli İncəsənət Muzeyi bu gün ən müasir səviyyədə Azərbaycan mədəniyyətini, incəsənətini, xalq yaradıcılığını təbliğ edir. Muzeylərimizin işinin müasir tələblər səviyyəsinə qaldırılması, təcrübə mübadiləsinin aparılması üçün beynəlxalq əməkdaşlıq da uğurla həyata keçirilir. Bakıda yerləşən bütün muzeylərin fəaliyyətini gücləndirmək istiqamətində müəyyən addımlar atılır. 
   Regionlarımızda olan tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları təmir edilir, yeni ekspozisiyalar tərtib olunur, zənginləşdirilir. 
   Ölkəmizdə fəaliyyət göstərən muzeylər və Heydər Əliyev mərkəzləri üçün “Muzey əşyalarının daimi mühafizə portalı”nın yaradılmasını muzey işində müasir texnologiyaların tətbiqinə, muzey əşyalarının qorunması və təbliğinə mühüm töhfə hesab etmək olar.
   
   F.Hüseynov