Arif Məlikovun dünyaca məşhur baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
Yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin növbəti nümayişi olacaq.
Bəstəkarın böyük türk şairi Nazim Hikmətin pyesi əsasında yazdığı balet 55 ildən çoxdur ki, dünya səhnələrini bəzəyir. Balet ilk dəfə məhz Sankt-Peterburq səhnəsində, o vaxtkı Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Dövlət Akademik Mariya Teatrı) tamaşaya qoyulub.
1965-ci ildə isə “Məhəbbət əfsanəsi” Moskvada, Böyük Teatrın səhnəsində tamaşaya qoyulub. Hər iki tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq artisti Yuri Qriqoroviç olub. Dünya balet sənətinin incilərindən olan əsər uzun illər hər iki teatrın repertuarında özünə yer tutub.
Müəyyən fasilədən sonra balet Yuri Qriqoroviçin xoreoqrafiyası və SSRİ Xalq rəssamı, mərhum Simon Virsaladzenin eskizləri əsasında bərpa olunaraq 2014-cü ilin oktyabrında yenidən Böyük Teatrda sənətsevərlərə təqdim olunub.
İndiyədək dünyanın 60-a yaxın teatrında bu baletin premyeraları keçirilib. 2015-ci ildə Rusiyanın “Kultura” kanalında balet haqqında “Əfsanə” adlı sənədli film nümayiş olunub. Türk rejissor Gülər Tokgözün filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Ötən ilin oktyabrında isə Rusiyanın daha bir səhnəsində - Başqırd Teatrında xoreoqraf Yuri Qriqoroviçin quruluşu əsasında “Məhəbbət əfsanəsi”nin premyerası keçirilib.
Yanvarın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında təqdim olunacaq səhnə əsərində Fərhad obrazını həmvətənimiz Timur Əsgərov ifa edəcək.