Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri Vidadi Muradov “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.
“Azərxalça” ASC-dən bildirilib ki, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifi, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur. Onun rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş “Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirilib. UNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq “Dərbənd xalçaçılığı” (“Derbentskoe kovrotkaçestvo”) monoqrafiyası nəşr edilib.