Sənət tarixində elə əsərlər var ki, onların təkcə müəlliflərinin, digər yaradıcılarının deyil, hətta özlərinin də yubileylərini qeyd etməyə dəyər. Nə yaxşı ki, bizim 60 illik tarixi olan milli televiziyamızın tarixində də belə nümunələr var. Onlardan biri də Azərbaycan milli televiziyasının tarixində ilk telemüzikl kimi tarixə yazılan «Ordan-burdan» tamaşasıdır. 
   
   İlk dəfə 1987-ci il yanvarın 1-də efirə gedən «Ordan-burdan» tamaşası o zamandan bəri təqvimin qırmızı rəngə boyanmış günlərində mavi ekranın bəzəyinə çevrilib. 
   Maraqlıdır ki, az qala hər replikasını, hər epizodunu əzbər bildiyimiz tamaşaya təkrar-təkrar olsa da, baxırıq. Hətta yaşca bu telemüzikldən kiçik olanlar da onu sevir. Əslində, sevdiyin bədii əsərlə hər görüş çox sevdiyin doğmalarınla görüşə bənzəyir. Yəni bilirsən ki, nədən danışacaqsan, nələr olacaq, amma yenə də həmin şəxslə görüşə, ünsiyyətə şadsan! Ən başlıcası, bu ünsiyyətdən heç zaman doymursan... 
   
   Təzə və köhnə “Ordan-burdan”
   
   Ədəbiyyat və mətbuat tarixinə az-çox vaqif olanlar bilirlər ki, ötən əsrin əvvəllərində böyük Üzeyir Hacıbəyli həcminə görə bir lətifədən seçilməyən, amma həddən artıq kəsərli kiçik felyetonlarını «Ordan-burdan» rubrikası altında çap etdirirdi. Çox ola bilsin ki, elə o zamanlar da kütlənin leksikonunda geniş yayılmış ordan-burdan ifadəsi altşüur qatında səpənək, dağınıq olan nəsnələri bir məcraya yönəltmək, eyni müstəviyə çəkmək anlamında işlədilirmiş. 
   1986-cı ildə indiki Musiqili Teatrda quruluşçu rejissor işləyən Zəminə və Fuad Hacıyev cütlüyü də məhz həmin o köhnəlməyən «Ordan-burdan» başlığı altında gözəl bir libretto yazırlar. Həmin librettonun hər personajında Üzeyir bəyin səhnəyə gətirdiyi tipajlar, həmin personajların dilində, amalında Üzeyir bəyin əsərlərindən tanıdığımız ifadələr, o dövrün - neft və mədəniyyət bumu yaşayan Bakısının atmosferi, həmin illərin gerçək faktları - Qızlar məktəbində tamaşanın hazırlanması, seçilmiş Dumanın fəaliyyət göstərmədən buraxılması öz əksini tapır. Kənar gözlə baxdıqda hətta adama elə görünə bilər ki, bu librettonu rejissorlar deyil, ömrü boyu pyes yazmaqla məşğul olmuş, Azərbaycan dilinin incəliklərini səlis bilən məşhur dramaturq yazıb. Amma «Ordan-burdan» təcrübəsi göstərir ki, dramaturji material ilə işləmək məharəti, klassikanı bilmək və həmin bildiyinə böyük hörmətlə yanaşmaq bacarığı mətn baxımından bu qədər mükəmməl və gözəl bir ssenarinin meydana çıxmasına zəmin yaradır. 
   Bu tamaşa müzikl olmasaydı belə, öz tamaşaçısını tapacaqdı. Amma böyük bəstəkarımız, operetta və kino musiqisi janrlarında şedevr səviyyəsinə qalxmış əsərlərin müəllifi Rauf Hacıyevin bəstələdiyi musiqidə Üzeyir bəyin musiqisindəki ştrixlər elə bir incəliklə yer alıb ki, tamaşaçı müəyyən məqamlarda, məsələn, uvertüra səsləndikdə, yaxud Həmid ilə Rənanın duetini dinlədikdə özünü ekran qarşısında deyil, tamaşa salonunda hiss edir. 
   Məhz elə bu cəhətlərdir ki, otuz il ərzində bəlkə də altmış dəfə baxdığımız «Ordan-burdan»ın seyrindən bezmirik. 
   
   «Ordan-burdan»ı nədən bu qədər sevdik? 
   
   ...Videoyazılış texnikası televiziyamızda tətbiq edilməyə başlayandan bəri hər il yanvarın 1-də Azərbaycan televiziyası xeyli maraqlı tamaşa nümayiş etdirib və həmin lentlərin çoxu videotekada qorunur. Böyük zəhmət, gərgin iş, uğurlu rejissor və aktyor çalışmaları teleseyrçiyə neçə-neçə maraqlı tamaşa ilə ünsiyyət bəxş edib. «Ötən ilin son gecəsi», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam»... Bu siyahını uzatmaq da olar, Xalq artisti Ramiz Həsənoğlu və Tariyel Vəliyevdən başqa, digər televiziya rejissorlarının quruluş verdikləri unudulmaz tamaşaların da adını həmin siyahıya artırmaq olar. Sadəcə, 1 yanvar axşamı göstərilmiş həmin tamaşaların demək olar ki, hamısında bütün olaylar bir mühüm tarixin ətrafında - Yeni il gecəsinin ətrafında qurulur və cərəyan edir. Əlbəttə, bu məqam həmin tamaşaların əhəmiyyətini heç də azaltmır. Sadəcə, bu cəhət tamaşanı konkret bir günə bağlayır. Amma «Ordan-burdan» da həmin ovqat yoxdur. Sadəcə, o, bizim ekran qarşısında keçirdiyimiz bayram günlərinin bəzəyidir, vəssalam. 
   
   Tanış personajlar, sevimli obrazlar 
   
   «Ordan-burdan» tamaşası neçə aktyoru tamam fərqli ampluada tanıtdı, neçə personajı sevdirdi, bu tamaşadakı neçə-neçə ifadə xalqın dilinə düşdü. «Mne eto nado?», «Vot eta - sensasiya», «Arvad-zad görməmisən?», «Xəncərli xala», «Karandaş - yəni qara daş?», «Necə yorğanına görə ayağını uzadasan ki, heç yorğan belini də örtmür», «Əli bəyin foto studiyası sizin qulluğunuzda həmişə hazırdır!», «Bu duptatlıq adama laaap ləzzət eləyir» və s. 
   O dövrün Azərbaycan tamaşaçısı ilk dəfə kişi aktyorları qadın qiyafəsində gördü və ... bu dəyişmə məharətinə görə aktyorlar Rafael Dadaşova və Yaşar Nuriyə rəğbət birə-beş artdı. Situasiyanın özündən irəli gələn bu dəyişikliyi də tamaşaçı anlayışla qarşıladı. 
   O vaxtadək səhnədə mahnı oxumamış Hacı İsmayılov ilk dəfə faytonçu Gülbalanın kupletlərini studiyada olsa da, şəxsən özü oxudu və teatr rejissorlarının onda görmədiyi komik istedadı həm də öz plastikası ilə göstərdi. 
   Əsas rolların ifaçıları Rafael Dadaşov və Zemfira Nərimanova isə duet səhnəsində o qədər təbii və inandırıcı görünmüşdülər ki, çoxları Rəna ilə Həmidin duetini də məhz dram aktyorlarının oxuduğunu zənn etmişdi. Amma həmin dueti vokalçılar Aida Əliyeva ilə Elxan Əhədzadə oxumuşdu. 
   
   «Ordan-burdan» tamaşasında istifadə olunmuş dekorasiyalar, 13 məkan ilk baxışda ayrı-ayrı məkan təsiri bağışlasa da, bütün bunlar elə Azərbaycan televiziyasının pavilyonunda qurulmuşdu. Obrazların geyimlərindəki tarixilik, hətta geyimlərin tikilişində o illərin dəb dərgisindən istifadə, musiqi parçalarının Moskvada mərkəzi səsyazma studiyalarının birində lentə yazılması bu tamaşaya sıradan bir teletamaşa münasibəti bəslənilmədiyinə sübutdur. 
   
   Azərbaycan tamaşaçısı «Ordan-burdan» ilə aktyor Cahangir Novruzovu özü üçün kəşf etdi. Salman bəy tipajının ifasında aktyor elə bir məharət nümayiş etdirdi ki, məsələdən bixəbərlər aktyorun bu rolu cəmi 9 gün ərzində məşq edib hazırladığına indiyədək inanmır. Həqiqətən də, əgər Salman bəy roluna təsdiq olunmuş Səyavuş Aslan çəkiliş prosesinin ortasında möhkəm xəstələnməsəydi, biz bəlkə də tamam fərqli bir «bəyzadə» təfsiri ilə rastlaşacaqdıq. O zaman Şəki teatrında quruluşçu rejissor işləyən Cahangir Novruzov tamaşanı xilas etmək üçün Bakıya çağırılsa da, onun Salman bəyi əsəri nəinki xilas etdi, həm də özünü geniş tamaşaçı kütləsinə komik talant kimi sevdirdi. 
   
   «Ordan-burdan» tamaşası Azərbaycan televiziyasının tarixində ilk dəfə olaraq o vaxtkı Mərkəzi Televiziya ilə nümayiş olundu və milli televiziya tarixinə öz adını qızıl hərflərlə yazdırdı. 
   
   * * *
   ...Deyirlər ki, nəyəsə düzgün qiymət verməkdən ötrü aradan xeyli zaman keçməli, nə qədərsə zaman ötməlidir. Yalnız bu qədər uzaqlıqdan hər şey öz dəqiq qiymətini alır. Bir-bir geridə qoyduğumuz illər bizi də «Ordan-burdan» tamaşasından uzaqlaşdırır. Amma bu uzaqlıq nisbidir - çünki ekrana yaxın əyləşməklə həmin uzaqlığı bir göz qırpımında dəf etmək mümkündür. 
   Otuz yaşın mübarək, «Ordan-burdan» tamaşası! 
   
   Gülcahan Mirməmməd