XIX əsrdə Rusiyanın müxtəlif elm mərkəzlərində xalqların dilini, tarixini, adət-ənənələrini dərindən araşdıran görkəmli alimlər fəaliyyət göstərib. Onların arasında şərqşünaslıq elminə həsr olunan sanballı əsərlər müəllifi, Şərq ədəbiyyatının bilicisi, tərcüməçi, poliqlot alim Mirzə Cəfər Topçubaşov da olub.
Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncə şəhərində dünyaya göz açıb. Uşaqlıq və gənclik çağları bu qədim mədəniyyət mərkəzində keçir. İlk təhsilini mədrəsədə alır, ərəb, fars, sonralar isə rus və gürcü dillərini öyrənir. Ailə qurduqdan sonra 1812-ci ildə Tiflis şəhərinə köçür. 1817-ci ildə İran diplomatik heyəti ilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedir. Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentində tərcüməçi kimi işə düzəlir. Eyni zamanda 1819-cu ildə Sankt-Peterburq Baş Pedaqoji İnstitutunda ərəb, fars və türk dilləri üzrə müəllim kimi işə qəbul edilir. 1823-cü ildə Sankt-Peterburq Universitetinə dəvət edilir, fars filologiyası üzrə professor, 1835-ci ildə isə universitetin Fars dili və fars filologiyası kafedrasına müdir təyin olunur.
M.C.Topçubaşov 1849-cu ildə Rusiya Xarici İşlər Nazirliyi Asiya departamentinin Şərq Dilləri İnstitutunun professoru vəzifəsinə irəli çəkilir. 1852-1857-ci illərdə paralel olaraq Rusiya Arxeologiya və Numizmatika Cəmiyyətinin müəssisələri ilə də əlaqə saxlayır, onlara yaxından köməklik göstərir. Sonra cəmiyyətin Şərq şöbəsinin rəhbəri olur. Bu illər ərzində işgüzarlığı və fəallığı ilə seçilir. Onun təşəbbüsü ilə şöbənin “Xəbərlər” bülleteni nəşr edilir. Nəşrdə alimin Şərq, o cümlədən Azərbaycan arxeologiyasına dair məqalələri işıq üzü görür.
Araşdırmalarda qeyd olunur ki, o, “Kitabi-Dədə Qorqud” və başqa dastanlardan tərcümələr edərək “Xəbərlər” məcmuəsində dərc etdirib. Eyni zamanda folklorun müxtəlif istiqamətlərinə dair bir çox qiymətli kitablar və məqalələr yazıb. Alim 50 ilə yaxın fars dilindən xeyli sayda rəsmi sənəd və ədəbiyyat materialını rus dilinə tərcümə edib. Həmçinin Şərq poeziyasının tanınmış nümunələrindən Fəridəddin Əttarın “Pəndnamə” (“Nəsihətnamə”), Sədi Şirazinin “Bustan” və “Gülüstan”, Hafiz Şirazinin seçilmiş qəzəlləri, Cəlaləddin Ruminin bir neçə məsnəvisini, Əbülqasım Firdovsinin “Şahnamə”sindən parçaları və s. rus oxucularının ixtiyarına verib.
M.C.Topçubaşovun yüksək səviyyəli işgüzar fəaliyyəti rəhbərliyin də marağına səbəb olur. İmperator kitabxanasında saxlanılan Şərq əlyazmalarının müxtəsər izahlı biblioqrafiyasının hazırlanması ona həvalə edilir. Beləliklə, Rusiya şərqşünaslıq elminin və təhsilinin təşəkkülündə onun göstərdiyi xidmətlər layiqli qiymətini alır. Rus şərqşünasları V.V.Qriqoryev, O.Y.Senkovski, N.Y.Veselovski, Y.U.Kraçkovski və başqaları M.C.Topçubaşovun elmi və pedaqoji fəaliyyətini yüksək dəyərləndirirlər. Onun yaxın dostu, Moskva Universitetinin professoru olmuş P.Petrov xatirələrində yazır: “Mirzə Cəfər mənə Hafiz Şirazinin bir sıra qəsidələrinin, qəzəllərinin sehrli mənalarını başa saldı. O zaman mən özüm-özümə dedim ki, onlardan ən yaxşılarını rus dilinə tərcümə edim...”
Görkəmli alim Şərq ölkələrində işləmək üçün diplomat kadrlar hazırlanmasında da mühüm xidmətlər göstərib.
M.C.Topçubaşov əldə etdiyi elmi nailiyyətlərə görə London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilir. O, I dərəcəli Müqəddəs Stanislav, II və III dərəcəli Müqəddəs Vladimir, II dərəcəli Müqəddəs Anna ordenləri, İranın “Şiri-xurşid” ordeni ilə təltif edilir. Hətta Rusiya imperiyası qarşısındakı xidmətlərinə görə əlahəzrətin razılığı və dumanın qərarı ilə 1869-cu ildə ən yaxşı şərqşünaslıq əsərlərinə görə 100 rubl məbləğində “Topçubaşov mükafatı” təsis olunub.
Mirzə Cəfər Topçubaşov 4 fevral 1869-cu ildə, 79 yaşında Sankr-Peterburq şəhərində vəfat edib.
Savalan Fərəcov