Mərkəzi Elmi Kitabxanada ötən ilin yekunları müzakirə olunub
   
   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2016-cı ilin yekunlarına həsr olunmuş “Sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib.
   Kitabxananın direktoru Leyla İmanova ötən il əldə olunan mühüm nailiyyətlərdən söz açıb, 2016-2019-cu illər üçün müəyyən edilmiş strateji hədəflərdən danışıb. Bildirib ki, bu hədəflər əsasən Vahid İdarəetmə Sistemi platformasının bütün komponentlərinin tam hazırlanıb istifadəyə verilməsi, Milli Rəqəmsal Yaddaşın qeydiyyatı, rəqəmsallaşdırma və qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsindən ibarətdir.
   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2016-cı ildə MEK-in xarici ölkələrin elmi kitabxanaları ilə əlaqələrini, Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, elektron idarəetmə sisteminin qurulması və fondların nizamlanması sahəsində görülən işləri, eləcə də kitabxananın elmi-ideoloji tədbirlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli layihələrini yüksək dəyərləndirib. Akademik peşəkar mütəxəssislərin MEK heyətində yer almasını, “Vikipediya” komandasının əldə etdiyi uğurları diqqətə çatdırıb.
   Tədbirdə mövzu ilə bağlı təqdimat olub. Sonda L.İmanovaya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin - Ombudsmanın adından fəxri fərman və xatirə medalı təqdim edilib.
   
   Lalə