Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Sənəddə respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, o cümlədən dünyanın aparıcı kütləvi informasiya vasitələrində, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, yanvarın 20-də Şəhidlər xiyabanına xalq ziyarətinin təşkili, şəhər və rayonlarda, kənd və qəsəbələrdə hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.
Tədbirdə ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür və qəhrəmanlıq yolunu əks etdirən fotosərgi açılacaq. Vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı təqdim olunacaq. Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.