Son zəng köynəyi
   
   Aradan illər keçəcəkmiş və biz uzaq illərin arasına bir müddət sonra ÖMÜR deyəcəkmişik... Və bir vaxt gələcəkmiş ki, nəhayətsiz dərəcədə böyüyən keçmiş özünü bizə xatırladanda, bağrımızdan bir ah qopub düz sinəmizi yardığı yerdən indiki zamana qədər öz şırımı ilə axıb bizi ağrıdacaqmış.
   Biz onda hələ ən böyük idealı ali məktəbdə təhsil almaq olan yeniyetmələr idik, indi isə Şekspirin məşhur “olum və ölüm” dilemmasının arasında vurnuxaraq həyatda özünə yer etmək istəyənlərik...
   Sən demə, dünya bizim istədiyimiz kimi olmayacaqmış, bizi öz qanunları ilə ram edəcəkmiş və hər şey bitəndən sonra hər şeyə bircə ad verməyə məcbur olacaqmışıq - TALE.
   Sən demə, adamları şəkil kimi ürəyindən asmalı olacaqsanmış, amma şəklə belə baxmağa bəzən vaxtın olmayacaqmış...
   Onları itirməmək üçün telefona qeyd etdiyin nömrələrdən aylarla zəng gəlməyəcək, adamlara olan sevgin ürəyində işlənməməkdən paslanacaqmış...
   Bir səhər kimisə yuxunda görüb məktəb illərini xatırlayacaqmışıq. Bütün bunlar onun izahıdır ki, yuxular gündüzün əlçatmamazlığına qovuşmaqdır. Amma həyat yuxu qədər şirin deyil... Təəssüf...
   Qızlar uşaqlarına sevdiyi oğlanların adını qoyacaqmış, oğlanlar şəhərin tozuna bulanacaqmış, sən demə. Təzə dostlar tapanlar köhnələri unudacaq, köhnə yaraların da yeri ağrımayacaqmış.
   Hərə öz “problemlərinin atı”na minib dərdlərinin yanında qərar tutacaqmış... Göyə baxıb göyü, yerə baxıb torpağı görməyə gözümüz olmayacaqmış...
   Qızlara içdiyimiz andlar, qızların verdiyi sözlər, qurduğu xəyallar kurqanlar, qəbirlər kimi ürəyimizi qazarkən hərdən üzə çıxacaqmış... Amma nə yaxşı ki, köhnə qəbirlərə ağlayan tapılmır heç vaxt...
   Hər il son zəng çalınacaq və hər il eyni doğrular müxtəlif adamların dilində yalanlaşacaqmış...
   Səhər şirin çayı daha tələsik içilir, universitet illərinin yalanları daha ali olurmuş, orta məktəbin nişanlanmaq vədləri burda evliliyə qədər yüksələrmiş, sən demə. İllər bizi yaşatmaq üçün deyil, illər bizi qurtarmaq, tükəndirmək üçündür... Məktəbi... universiteti... ömrü...
   Hərdən əlinə köhnə şəkillər düşür, baxırsan ki, şəkillərdən və xatirələrdən özgə heç nə yoxdur... Hardadır iki alıb cırdığın gündəlik vərəqləri, çəkə bilmədiyin şəkilllərin çızma-qarası, müəllimlərin imzaları.
   ... İndi yolda qocalan, dəyişən müəllimləri görəndə adam dəhşətə gəlir. Dünya boyda da cəhənnəm olar?
   Məktəbin dəyişən otaqlarını, təzə müəllimləri, təmirli dəhlizləri görməyə adamın gözü gəlmir. Adama elə gəlir ki, ustalar bizim xatirələrimizi divarlardan qazıyıblar, ləpirlərimizi döşəmədən mismar kimi çıxardıblar. Bütün bunlardan sonra təsdiq etməli olursan ki, yenilik həm də köhnəliyə xəyanətdir....
   Ailə qurmuş olan qızlar, rəfiqələrindən daha dərs yerini yox, təzə uşaq yeməklərinin adlarını soruşurlar. Dünya fırlanır və hər dəfə bir az da fərqli çıxır adamın qarşısına...
   Hər şeyin bu qədər dəyişdiyini anlayanda başa düşürsən ki, dünya boyda dünyada özün boyda təksən.
   O gün son zəng köynəyimin üstündəki yazıları oxuyuram. Sinif yoldaşlarım, dostlarım, müəllimlərim arzularını yazıblar. Hətta son zəng günü dükana girəndə köynəyimi yazılı görən satıcı da yazıb.
    “Fərid, sənə uzun ömür, cansağlığı arzulayıram”. (Alim Məmmədov - sinif yoldaşım).
   “Fərid, sənə həyatda uğurlar” (Zərbalı Baloğlanov -sinif rəhbəri)...
    Həmin gecə köynəyimə özüm də bir neçə cümlə yazmışam. “Həyat bir oyundur: Hər kəsin öz rolu var. Ssenarini Allah yazır. Bir gün necə olursa-olsun, ən böyük adamlardan olacam. Mənə edilənlərin qarşılığını mən, mənim etdiklərimin cavabını Allah verəcək. Bu gün məktəbdən ayrıldım, acılı şirinli xatirəsi ilə. Təbii ki, sinif yoldaşlarımdan - Fərhaddan, Rövşəndən, Raqifdən, Aynurdan, Fəridədən, eləcə də Könül, Firəngiz, Vəfa, Ələkbər müəllimdən ötrü darıxacağam. Əlvida bu məktəbdə yaşadığım illərə, aylara, eşqlərə, davalara!”
   İndi dörd il əvvəl yazılmış bu Otello monoloquna bənzər cümlələrə baxanda gülürəm. O ideallar, o xəyallar bəsit olduğu qədər də təbii və maraqlıdır. Dörd ildə nələr olub, nələr görmüşəm, müşahidələrim, qənaətlərim, nəticələrim, səhvlərim və s... Səhvlərim mənə səhv etdiyimi öyrədib. Amma yenə də içimdə həmin oğlan - həmin Otello yaşayır. Amma daha həmin monoloq yoxdur. Bəlkə də, həmin Otello daha xoşbəxt idi. Bəlkə də... 
   
   Göydən üç alma düşdü...
   
   Nağılların sonunda əksər hallarda üç alma düşür. Amma nənəm həmişə nağıl danışandan sonra ətrafındakı nəvələrini sayırdı. Əgər yanında beş nəfər olardısa deyərdi:
   - Göydən beş alma düşdü.
   Uşaq vaxtı məni narahat edən suallardan biri də bu idi ki, niyə eyni nağıllarda da almaların miqdarı müxtəlif olur. Böyüyəndən sonra öyrəndim ki, günah nə almalarda, nə də nağıllardadır. Sadəcə nənəm bizim xatirimizə “saxtakarlıq” edirmiş.
   Yaxşı yadımdadır ki, uşaq vaxtı alma və qaloş alsınlar deyə evdə dava düzəltmişdim... Hələ bizim küçəyə asfalt çəkmədikləri üçün qaloş yaman dadımıza yetirdi. 1995-ci il idi, vur-tut altı yaşım vardı. Bazarın uzaqlığından, bir qədər də başqa obyektiv səbəblərdən arzum yubanırdı. Nəhayət, iki arzum da eyni gündə reallaşdı. Həmin günü gözümə iki işıq düşdü. Birinci işıq ayağımdakı qara qaloşun parıltısı idi, digəri isə yuyulmuş almanın. İndi isə həmin iki arzunun balacalığını təsəvvür edəndə heç əlimdəki alma boyda da olmadığını düşünürəm.
   Amma həmin iki işıq mənə həyatda bir böyük şey öyrətdi. Həmin gün yıxıldım, qaloşum palçığa batdı və az hissəsi qalan almam yerə düşdü. İşıqların ikisi də söndü. Sonra böyüdüm və Y. Səmədoğlunun “Qətl günü” romanının birinci cümləsini oxudum: “Dərd də azar kimi, gələndə batmanla gəlir”. Yəni bəlalar «Bənövşə-bənövşə» oynayan uşaqlar kimi həmişə əl-ələ tutub gəlirlər və işıqların ikisi də sönür. İndi də problemin biri qurtarmamış biri başlayır və mənə elə gəlir ki, bu nəsə həmin alma və qaloşla bağlıdır. Amma hələ də hər alma yeyəndə gözümə uşaqlığın həmin tanış işığı düşür.

  Fərid Hüseyn