“Don Karlos”da əsas partiyanı ifa edəcək
   
   Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.
   Teatrın saytında verilən xəbərə görə, tamaşanın iki nümayişində (23 və 25 mart) Don Karlos obrazını azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.
   Yusif Eyvazov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.
   Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. O, Cüzeppe Verdinin “Traviata”, “Bal-maskarad”, “Nabukko”, “Riqoletto”, Cakomo Puççininin “Bohema”, “Toska”, Jorj Bizenin “Karmen”, Qaetano Donisettinin “Lüçiya di Lammermur” operalarında yaddaqalan obrazlar yaradıb. Vokalçının adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.