Dünya şöhrətli Amerika kinorejissoru Stiven Spilberqə (Steven Spielberg) bu ləqəb hələ uşaq ikən həvəskar film çəkilişi ilə məşğul olduğuna görə verilib. Spilberq tərcümeyi-halında yazır ki, səhhətində olan problemlər ona həmyaşıdları ilə oynamağa imkan vermirdi. Bu səbəbdən gələcək rejissor daim qonşu uşaqların ona rişxənd etməsindən gileylənirdi. Azyaşlı Stiven sakitliyi yalnız evdə film seyr etməklə tapırdı. Özünü yalnız hiss edən Stiven valideynlərinin ona ad günündə hədiyyə etdiyi kiçik kamera ilə film çəkməyə başlayır. Onun ilk “filmləri” isə bacısının dərs hazırlaması, anasının necə qab yumağı kimi sadə məişət hadisələrindən ibarət idi.
      
   Bir qədər sonra Stiven qısametrajlı film çəkmək haqqında düşünür. Valideynləri və bacılarının iştirak etdiyi, müharibədən bəhs edən “Boşluğa qaçış” filmi bu ideyanın məhsulu idi. Film Gənclərin Həvəskar Filmləri müsabiqəsində qalib gəlir. O vaxt gələcək rejissorun 12 yaşı var idi. Daha sonra Spilberq onu “istedadsız” adlandıraraq kino məktəbinə qəbul etməyənlərə “Emblin” adlı qısametrajlı filmlə tutarlı cavab verir.
   Spilberq kino yaradıcılığında ona dünya şöhrəti gətirən “Çənələr” filmini 1975-ci ildə çəkir. Bu film prokatda üçüncü yer tutmaqla yanaşı sənətkara 260 milyon dollar qazanc gətirir. Dünya kinematoqrafiyasının ən yaxşı fantastik filmi - “Yadplanetli” altı ay müddətində çəkilsə də, rejissora böyük uğur gətirir.
   Spilberq “Qırmızı rəng”, “Günəş imperiyası”, “Həmişə” filmlərində zahiri əyləncə və macəradan uzaqlaşsa da, bu layihələr ona mükafat gətirmir. Nəhayət, 1993-cü ildə “Şindlerin siyahısı” filminə görə arzusunda olduğu mükafatı - “Oskar”ı qazanır. II Dünya müharibəsi illərində yəhudilərin taleyindən bəhs edən film Amerika Kino Akademiyasının yeddi nominasiyası üzrə uğur qazanmışdı. 1998-ci ildə Spilberq yenidən bu zirvəni “Sıravi Rayanı xilas etməli” filmi ilə fəth edir. Yaradıcı heyət bu filmə görə beş “Oskar” qazanır.
   Hazırda Stiven Spilberqin yaradıcılığı davam edir. Onun sonuncu filmlərindən biri Amerikanın 16-cı prezidenti (1861-1865), sui-qəsd nəticəsində qətlə yetirilmiş Abraham Linkoln haqqındadır. “Mən özümdən sonra heç olmasa bir əsər qoyub getmək istərdim” deyən rejissor kinoda arzuladığından da çox müvəffəqiyyət qazanıb.
   
   Şahbazə Vəliyeva