Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanda Özbəkistan kinosu günlərinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, şöbənin filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov, “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini Cahangir Kasımov, Özbəkistanın Xalq artisti, aktyor Ulmas Əlixodjayev, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov iştirak edirdi.
Özbəkistan kinosu günlərinin uğurla keçdiyini bildirən Cahangir Məmmədov bunu iki ölkə arasında əməkdaşlığın ilkin mərhələsi kimi yüksək qiymətləndirdi.
“Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini Cahangir Kasımov səfərdən məmnun qaldıqlarını dilə gətirdi: “Bildiyiniz kimi, bu ilin aprelində Özbəkistanda Azərbaycanın kino günləri keçirilmişdi. Cavab olaraq biz də Azərbaycanda kino günlərimizin keçirilməsinə dəvət aldıq. Təəssüratlarımız çox zəngindir. Burada olduğumuz müddətdə bir çox mədəniyyət obyektləri ilə tanış olduq. Möhtəşəm teatr binalarınız var. Ən əsası isə insanlarınız çox mehribandır. Belə yaradıcı görüşlərin və əməkdaşlıqların gələcəkdə də davam etməsini arzu edirəm”.
Yusif Şeyxov Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında belə görüşlərin gələcəkdə də keçiriləcəyini dedi: “Bundan əlavə hər iki ölkənin kino idarələri əlaqələri genişləndirmək haqqında müzakirələr aparır. Konkret layihələr də var. Gənc özbək rejissoru və aktyoru Mansur Abduxalikov öz yeni film layihəsini bizə təqdim edib. Bununla bağlı müzakirələr aparırıq”.
Tədbir Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki ölkədə filmlərin nümayişinə, müxtəlif janrda ekran əsərlərinin müştərək istehsalına və digər məsələlərə dair protokolun imzalanması ilə yekunlaşdı. İlkin razılaşmaya görə, iki ölkənin kinematoqrafçıları Özbəkistanda yaşamış məşhur azərbaycanlı şair, ədəbiyyatşünas alim Maqsud Şeyxzadə haqqında sənədli film çəkəcəklər.
Xatırladaq ki, oktyabrın 25-dən 28-dək davam edən Özbəkistan kinosu günləri çərçivəsində “Ötən günlər”, “18-ci kvadrat” bədii, “Şərq dürdanəsi”, “Registan. Səmərqənd gövhəri” sənədli filmləri nümayiş olunub, “Özbəkistan çizgi filmləri günü” təşkil olunub.
Mətbuat konfransının sonunda qonaqlara xatirə olaraq Azərbaycan filmləri hədiyyə olundu.
Yeganə