Quba sakininin həyətində XVIII əsrə aid gümüş sikkələr aşkarlanıb. Qədim pullar şəhərin Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun həyətindən tapılıb. Ev sahibi həyətində su çəkmək üçün qazıntı işləri apararkən xoş sürprizlə qarşılaşıb. E.Zeynalov pulları əvvəlcə adi dəmir qırıntılarına oxşatsa da, sonradan bunların qədim sikkələr olduğunu müəyyənləşdirib. Həmin ərazidən 16 metal sikkə aşkarlanıb.
Tarixçi Anar Murquzov tapılan metal pulların Quba xanlığı dövründə tədavüldə olan gümüş sikkələr olduğunu bildirib. Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində olduğundan qədim dövrdə həmin yerdə karvansarayın yerləşdiyi ehtimal edilir. E.Zeynalov həyətindən bundan əvvəl də saxsı materialların aşkarladığını bildirib. Quba sakini tapdığı qədim sikkələri muzeyə təqdim edəcək.