Ənvər Əblucun 70 illik yubileyi qeyd olunub
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Əməkdar artist, kinorejissor, ssenari müəllifi və aktyor Ənvər Əblucun anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və digər çıxış edənlər Ənvər Əblucun yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun Azərbaycan kinosunun inkişafında xidmətlərindən danışıblar.
Qeyd olunub ki, Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq maraqlı filmlərə quruluş verib. Onun “Firəngiz”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Tərsinə çevrilmiş dünya” kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir neçə süjetinin, televiziya filmlərinin də müəllifidir.
Ənvər Əbluc dublyaj aktyoru kimi də tanınıb. Aktyor “Tehran - 43”, “Şeytan göz qabağında”, “Sibiriada” və başqa filmlərin səsləndirilməsində iştirak edib. Onun pedaqoq kimi yetişdirdiyi gənclər bu gün kino sənətində uğurlar qazanırlar.