Əməkdaşlıq memorandumu imzalanıb 
   
   Yanvarın 11-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.    
   Bilik Fondunda keçirilən mərasimdə çıxış edən qurumun icraçı direktoru Oktay Səmədov reallaşdırılan layihələr, yerli və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, dövlət başçısının müvafiq fərmanı ilə 2014-cü ildə yaradılan Bilik Fondu qısa müddətdə ictimai-siyasi, mədəni, həmçinin təhsil və tədrislə bağlı müxtəlif layihələrə imza atıb. Fondun respublikanın beş rayonunda Bilik evi fəaliyyət göstərir, müxtəlif peşələr, dillər, kompüter texnologiyaları üzrə təlimlər keçirilir. Bilik Fondu tərəfindən hazırda dörd proqram üzrə 21 layihə həyata keçirilir.
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev diqqətə çatdırdı ki, memorandumun imzalanmasının əsas məqsədi respublikamızda fəaliyyət göstərən müxtəlif sahələrin əməkdaşları üçün mühazirə və təlimlər, prioritet istiqamətlərdə maarifləndirici tədbirlər təşkil etməklə vətəndaşlarımızın bilik və bacarıqlarını artırmaqdır. Həmçinin onların daha kreativ bilikləri mənimsəmələrinə nail olmaq, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində elmi-metodik araşdırmalara dəstək verməkdir. 
   Mərkəzin fəaliyyət istiqamətlərindən söz açan direktor əlavə etdi ki, strukturda aparılan islahatlar Mədəniyyət və Turizm Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Bu istiqamətdə görülən işlərin əsas məqsədi fəaliyyətin təkmilləşdirilməsi, müasir üsulların tətbiqi və mədəniyyət sahəsinin regionlarda populyarlaşdırılmasından ibarətdir. 
   Direktor son bir ildə həyata keçirilən layihələr, beynəlxalq əlaqələr, regionlarda aparılan işlər haqqında məlumat verdi.
   Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əməkdaşlığa dair anlaşma memorandumunu imzaladılar.
   
   L.Azəri