Bütün teatr aləmi kimi, musiqili tamaşalar, operettalar səhnəyə qoyan teatrların da yazılmamış qanunları var. Onlardan biri də budur ki, bu teatrların repertuarında operetta dahisi İmre Kalmanın ən azı bir əsəri repertuarda olmalıdır. Azərbaycan Dövlət Musiqili Teatrında zaman-zaman macar bəstəkarının «Birinci qaraçı», «Silva», «Bayaderka» kimi operettaları oynanılıb.
Yanvarın 11-də teatrın rus truppası bəstəkarın ən məşhur əsərlərindən birini - Avropada daha çox «Çardaş kraliçası» kimi tanınan «Silva»nı yeni quruluşda və yeni ifaçılarla təqdim etdi.
Əgər İmre Kalmanın yaradıcılığına nəzər salsaq, görərik ki, musiqi istedadı olan insanların, xüsusilə də xanımların ailədə də xoşbəxt olmaq haqqı onun əsərlərinin əsas leytmotivi sayıla bilər. Çünki bəstəkarın yaşadığı dövrdə və cəmiyyətdə istedadlı sənət adamlarına ikinci-üçüncü dərəcəli insan münasibəti bəsləyirdilər. Bu münasibətdən qadınlar daha çox əziyyət çəkirdilər: pullu və zəngin kişilər əmin idi ki, əgər bir qadın səhnədə hər kəs üçün oxuyub-oynayırsa, deməli, ən azından, onun əxlaqına şübhə ilə yanaşmaq lazımdır...
Varyete müğənnisi Silva Varesku ilə knyaz Leopold Veylersheymin oğlu zabit Edvin bir-birinə aşiqdir. Amma Silva bu eşqin sonunu yaxşı görmür. Edvin isə knyaz atasının təkidi ilə qohumu Stassi ilə nişanlanmazdan əvvəl sevgilisi ilə nikah müqaviləsi bağlayır...
Əsərin məzmununu danışmaq niyyətində deyilik. Çünki operettanı nağıla oxşadan bir cəhət varsa, o da əsərin xoşbəxt sonluqla bitməsidir. Silva Edvinə qovuşur, Edvinin deyiklisi Stassi də ilk görüşdən aşiq olduğu qraf Bonifas Konslavu ilə evlənir. Qoca knyaz isə dul qrafinya kimi tanıyıb evləndiyi arvadının da nə vaxtsa şansonyetka olduğunu öyrəndikdə bu qismət ilə barışır.
«Silva» tamaşasına bu dəfə Əməkdar artist Boris Lukinski quruluş verib. Quruluşçu rejissor əsərin librettosuna iki obraz - barmen Roberto və xidmətçi Rozaliya obrazlarını artırıb, zabit Ronsdorfu isə Edvinin qafqazlı qohumuna «çevirib» (ola bilsin ki, bu «çevirmə» zabit rolunda çıxış edən Nicat Həbibovun rus dilində əsl qafqazlı kimi danışmasına haqq qazandırmaq üçün edilib. Əgər belədirsə, bu, vəziyyətdən ən optimal çıxış yolu sayıla bilər).
Tamaşanın bədii tərtibatı da diqqəti çəkir. Səhnənin tən ortasında qurulmuş podium hadisələrin teatrda, knyazın malikanəsində cərəyan etməsindən asılı olmayaraq dəyişmir. Əslində bəzi əhvalatların podiumda, bəzilərinin isə aşağıda cərəyan etməsi tamaşaçıda nəyin daha uca və ali, nələrinsə adidən adi olması təəssüratını yaradır, digər tərəfdən, həm də zadəganlar ilə sənətkarlar arasındakı psixoloji savaşda kimlərin kimlərə aşağıdan yuxarı baxdığını izah edir.
Silva (Əməkdar artist Nərgiz Kərimova) bütün ariyalarını podiumda bitirir - yəni, sənət və sənətkarlıq hər şeydən ucadır. O, sevgilisi ilə nikah müqaviləsini də podiumda imzalayır, yəni sevgi üzərində qurulan ailə hər şeydən üstündür. Sevgilisinin başqa bir qızla deyikli olduğunu biləndə də ayrılıq qərarını burada verir, müqaviləni podiumda cırır: həqiqət və qürur bütün hissləri üstələyir.
Səhnəni əhatə edən, onu gerçək bir teatra oxşadan, səhnənin dərinliyini qabartmaq üçün asılmış üç qat pərdələrin dizaynı da maraqlıdır. Operettanın klassik əsər olduğunu bilən tamaşaçı pərdələrə çəkilmiş şəkilləri görüncə anlayır ki, hadisələr o qədər də qədim keçmişə aid deyil: çünki erkən art-deko dövrünə xas dizayn ona xatırladır ki, bu əhvalat ötən əsrin əvvəllərində baş verib. Həqiqətən də «Çardaş kraliçası» ilk dəfə 1915-ci ildə oynanılıb. Bu tərtibata görə Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovun adını ayrıca vurğulamalıyıq. Sadə tərtibatla çox söz demək, teatrın kulisindəki stullara üzlük taxmaqla onları knyaz evinin əşyasına çevirmək həm çevik tərtibat üsuludur, həm də tamaşanı ziyadə rekvizit ilə doldurmur.
Tərtibatdan söz açmışkən, geyimləri xüsusi qeyd etməyi lazım bilirik. Tamaşa kordebaletin macar milli geyimlərindən tutmuş, bütün iştirakçıların geyimlərində həm art-deko dövrünün dəb meyli, həm də onların sosial təbəqəsinin tələbləri tam gözlənilir. Təbii ki, bu, Yelena Almazovanın və teatrın tikiş sexinin zəhmətinin bəhrəsidir.
İfaçılara gəlincə, Əməkdar artist Nərgiz Kərimova təcrübəli vokalçı-aktrisadır. Səsini və vücudunu daim formada saxlaması, onun lap gənc qız rollarını ifa etməsinə də imkan verir. Üz cizgilərindən məharətlə istifadə etməyi bacaran aktrisa Silvanın hiss və həyəcanlarını da eyni məharətlə çatdırdı. Düşdüyü şəraitdən asılı olaraq, həyatına dair qərarlarını tez-tez dəyişən Silva onun təqdimatında hər kəsdən çox xoşbəxt olmağa layiq bir qadın kimi yadda qaldı.
Teatrın qocaman aktyoru, Əməkdar artist Boris Qrafkinin knyazı, Firuz Məmmədovun Ferri Kolmanı, Rauf Babayevin Edvini, Marina Litvinenkonun knyaginyası da qüsursuz çıxışları ilə seçildilər. Gənc aktrisa Aydan Həsənovanın ifa etdiyi Stassi öz şıltaqlığı, onda qraf Bonifasa qarşı yeniyetməsayağı aşiqliyi ilə də maraqlı idi. Amma təbii ki, bu tamaşanın ən yaddaqalan və sevilən obrazı hər kəsin nəvazişlə Boni çağırdığı qraf Bonifas Konslavu obrazının ifaçısı Emil Heydərov idi. Olsun ki, «Silva»nın bundan əvvəlki quruluşunda da bu rolda çıxış etməsi obrazı aktyora xeyli doğmalaşdırıb deyə, artıq təkcə quruluşdan yox, həm də aktyorun özündən gələn əlavələr, ştrixlər Boninin daha sevimli alınmasına təsirsiz ötüşməyib. Hətta tamaşanın ilk səhnələrində aktyorun səsində soyuqladığı hiss olunsa da, səhnə cazibəsi və isti tamaşaçı reaksiyası Emil Heydərovun nasazlığını tamaşaçılara da, onun özünə unutdurdu.
Quruluşçu rejissor əsərə əlavə etdiyi iki obraz - Roberto və Rozaliya üçün mətn yazmasa da, Elməddin Dadaşov ilə Telnaz Hüseynova nida səsləri və plastikanın, mimikanın köməyilə öz obrazlarının dramaturji yükünü çatdıra bildilər.
...İnsanlar məşhur musiqi əsərlərinə, məzmununu bildiyi opera və operettalara yalnız ifaçıların çıxışından, oyunundan zövq almaq üçün baxırlar. 2017-ci ilin ilk premyerası - Musiqili Teatrın «Silva» tamaşası gözəl musiqi, güclü səslər, maraqlı səhnə həlli və gərgin zəhmət bahasına başa gəlmiş bir tamaşa olaraq öz seyrçilərinə hələ çox zövq yaşadacaq.
Gülcahan Mirməmməd