Qax Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə 500-dək eksponatla fəaliyyətə başlayıb. Muzeyin direktoru Mahir Əfəndi bildirir ki, hazırda burada Qax rayonunun qədim tarixindən soraq verən 11547 ədəd tarixi və elmi əhəmiyyətə malik eksponat qorunur, araşdırılır və təbliğ olunur. 
   Onların 850-si elmi inventarizasiyadan keçib. Muzeydə rayonun keçmişi və bu günü, xalqımızın azadlıq uğrunda mübarizə yolu, ölkənin və rayonun inkişafında, ictimai-siyasi həyatında fəal rolu olan tanınmış şəxsiyyətlərin, elm, mədəniyyət xadimlərinin, xalq qəhrəmanlarının, Böyük Vətən müharibəsi iştirakçılarının, Qarabağ savaşında şəhid olmuş 160 nəfərədək qaxlı igidin həyatı, fəaliyyəti sənədli materiallar əsasında tamaşaçılara çatdırılır. 
   Muzey xalqımızın tarixi keçmişini, adət-ənənələrini, məişətini əks etdirən eksponatlarla zəngindir. Qaxın qədim tarixini əks etdirən bölmədə ayrı-ayrı eksponatlar vasitəsilə ölkəmizdə yaranmış dövlətlər, Qafqaz Albaniyasının təsərrüfatı, ictimai vəziyyəti, məişəti, mədəniyyəti və s. barədə geniş bilgi almaq mümkündür.
   Müsahibimin sözlərinə görə, muzeydə müxtəlif tədbirlər, sərgilər təşkil edilir, mühazirələr oxunur. Tariximizin təbliğində muzeylərin rolu danılmazdır. Rayon Təhsil şöbəsi ilə bağlanmış müqaviləyə əsasən, muzeydə rayon məktəblilərinə tarix dərsləri keçilir. 2016-cı ildə muzeydə 36 saat tarix dərsi keçilib. Ötən il burada 16 stasionar sərgi təşkil olunub. Rayona gələn turistlər də muzeyə maraq göstərirlər.
   Muzey əməkdaşları tərəfindən rayonda çıxan “Şəlalə” qəzetində Qaxın toponimləri, qədim yaşayış məskənləri, tarix və mədəniyyət abidələri, qədim inanc yerləri, turizm potensialı haqqında araşdırma məqalələr çap etdirilir.
   2015-ci ildə muzeyin əsas fonduna qəbul olunmuş 52 eksponatdan 4-ü qədim Daş dövrünə aiddir. Bu nümunələr rayonunun Ləkit-Kötüklü kəndi yörəsindəki Xorqaya mağarasında aparılan qazıntılar nəticəsində əldə edilib.
   Muzey AMEA-nın Arxeologiya və Etnoqrafiya, Tarix İnstitutları ilə sıx əməkdaşlıq edir. Muzey əməkdaşları rayon ərazisində aparılan arxeoloji qazıntılarda yaxından iştirak edərək onun fondunu tapıntılarla zənginləşdirirlər. Bunun nəticəsidir ki, 2016-cı ildə muzeyin əsas fonduna 45 ədəd eksponat daxil edilib. 
   
   S.Qaliboğlu