Şəhid heykəltəraş Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa hazırlanır
   
   Gənc Tamaşaçılar Teatrında daha bir səhnə əsərinin məşqləri start götürüb. Yaradıcı heyət Y.Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” əsəri əsasında eyniadlı tamaşa hazırlayır. Əsər 2016-cı ilin aprelində cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc heykəltəraş Samir Kaçayevin xatirəsinə həsr edilib.
   Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
   Əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Səbinə Məmmədova, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov və başqaları canlandıracaq.