Yanvarın 12-də Mədəniyyət və Turizm Nazirliyində Macarıstan Xarici İşlər Nazirliyinin Planlaşdırma və təhlil şöbəsinin müdiri Adam Szesztay və Macarıstanın ölkəmizdəki səfiri İmre Laszloczki ilə görüş keçirilib.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin qonaqlarla görüşündə Azərbaycanın multikulturalizm strategiyası və mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq fəaliyyəti barədə müzakirələr aparılıb.
Macarıstan nümayəndələri ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq fəaliyyətinin əsas istiqamətləri, “Bakı prosesi” barədə məlumat almaq istədiklərini bildiriblər. Vasif Eyvazzadə qonaqların bu məsələyə maraq göstərdiklərinə görə təşəkkürünü bildirərək Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” təşəbbüsünün beynəlxalq siyasi əhəmiyyəti və 2017-ci ilin 5-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyində duran məsələlər barədə məlumat verib.
2016-cı ilin ölkə başçısı tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinin önəmi diqqətə çatdırılıb. Vurğulanıb ki, bu tədbirlər Azərbaycanın dünyada sülh, əmin-amanlıq və müxtəlif mədəniyyətlər arasında əməkdaşlığın qorunmasına töhfəsinin bariz nümunəsidir.
Şöbə müdiri qeyd edib ki, ölkədə multikultural mühit milli sabitliyin əsas komponentlərindən olmaqla yanaşı, müxtəlif sivilizasiyalar və mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayır, beynəlxalq interkultural siyasətimizin əsas resurslarından biridir.
Macarıstan rəsmiləri ölkəmizin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirərək gələcəkdə bu zəmində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.