Oliver Stoun: “Bu filmdə 2008-ci ildən bank böhranına aparan gerçəkliyi təsvir etmişəm”
Amerikalı rejissor, üç dəfə “Oskar” laureatı, Berlin, Venesiya kinofestivallarının mükafatçısı Oliver Stoun daha çox siyasi mövzulu və tarixi filmlərin müəllifi kimi tanınır. Bu sırada Fələstin münaqişəsini təsvir edən «Persona non qrata», rejissorun Fidel Kastro ilə görüşünü işıqlandıran «Komandante» sənədli filmlərini, ABŞ prezidenti Con Kennedinin ölümündən bəhs edən və geniş səs-küy doğuran «Con Kennedi. Dallasda eşidilən atəş səsləri», Makedoniyalı İsgəndərə həsr olunmuş «Aleksandr», Corc Buşu hədəf seçən «Oğul Buş», 2001-ci ilin 11 sentyabr hadisələrini bədii ekrana gətirən «Əkiz qüllələr» dramlarını nümunə kimi çəkmək olar.
Bu günlərdə Avropada Oliver Stounun yeni «Uoll Strit: pullar yatmır» filminin premyerası olub. Filmin birinci hissəsi («Uoll Stritt») 1987-ci ildə ekranlaşdırılıb. Həmin ildə çəkilən hissədə şöhrətpərəst birja ticarətçisi məşhur Qordon Qekkonun fəaliyyətindən bəhs edilir, sonda isə o, fırıldaqlarına görə həbsxanaya düşür. İkinci filmdə - «Uoll Strit: pullar yatmır»da isə Qekko artıq həbsxanadan çıxır və daha sonra dünyada məlum maliyyə böhranı başlayır. Qekkonun isə bununla bağlı öz planları var. Rejissorun Almaniyanın «Süddeutsche Zeitung» qəzetində dərc olunan müsahibəsindən maraqlı məqamları diqqətinizə çatdırırıq.
- Sizin «Uoll Stritt: pullar yatmır» filminiz çiçəklənən kapitalizm, tamahkarlıq və alternativ Amerika qəhrəmanlarından danışır. Amma film həm də kapitalist, məşhur media maqnatı Rupert Merdokun «Fox» şirkəti ilə birgə əməkdaşlığınız nəticəsində meydana gəlib.
- «Uoll Strit»: pullar yatmır» filmi xüsusi bir razılaşma əsasında meydana gəldi: «Fox» şirkəti Qordon Qekkonun taleyinin növbəti filmdə davamını görmək istədi. Mən isə kapitalizmi tənqid edən film çəkmək istədim.
- Hər şey bu qədər sadə baş verdi?
- Bəli. Özü də güclü siyasi təsir olmadan. Çünki Merdoku da hər şeydən əvvəl pul qazananlar maraqlandırır.
- Siz kinoda fenomen sayılırsınız, yeganə Amerika rejissorusunuz ki, maliyyə cəhətdən uğurlu alınan təbliğat filmləri çəkirsiniz.
- Bu mənim xoşuma gəlir. Və mənə təbii ki, Sergey Eyzenşteyn Con Forddan (ən yaxşı rejissor işinə görə 4 dəfə “Oskar” almış Amerika rejissoru) daha yaxındır.
- Siz yəqin ki, filmləriniz üçün asanlıqla pul tapırsınız?
- Əksinə, bu əziyyətli işdir, məsələn, «Aleksandr» üçün pul tapmaq asan olmadı. Yaxud, «Oğul Buş» filmi Honkonqdan, həmçinin Almaniyadan gələn maddi yardım ilə çəkildi.
- Yeni filminizdə Qekkonu Mefistofel kimi xarakterizə etmək olar?
- Siz doğrudan düşünürsüz ki, Qekko Mefistofeldir? Mən hər halda filmdə onu nəzərdə tutmamışam. Bir də ki, Qekko belə bir rol üçün kifayət qədər ikiölçülü obraz deyil.
- Qekko filmin birinci hissəsindəki kimi vicdansız, yırtıcı, istismarçı yox, pul nəzəriyyəçisidir. Və misilsiz amerikalı kimi kapitalizmə qarşı fikirləri təbliğ edir.
- Xeyr, o, filmin birinci hissəsində tamahkarlığına görə həbsxanaya düşür və buna görə də ikinci hissədə tamahkarlığın qarşısını alır. Amma yenə də qeyd edirəm ki, kapitalizm pis deyil, dünyamızı onsuz təsəvvür etmək çətindir. Mən filmdə 2008-ci ildən bank böhranına aparan gerçəkliyi təsvir etmişəm.
- Siz Amerikadan narazısınız?
-Yox, Amerikanı sevirəm və ümid edirəm ki, mənim filmlərimlə ölkə müsbətə doğru dəyişə biləcək. Amma dəyişiklik həm də daxildən gəlməlidir. Amerikanı heç zaman tərk etmək istəməzdim, o mənə yalnız siyasi mənada uyğun deyil.
- Sizin bütün filmoqrafiyanız qəhrəmanlıq hekayətlərindən ibarətdir. Con Kennedi, Makedoniyalı İsgəndər, Fidel Kastro.
- Mən gələcəkdə də siyasi mövzulara toxunmaq və qəhrəmanlıq haqqında filmlər çəkmək niyyətindəyəm. Amma belə filmlər çəkəndə Amerikada məni solçu adlandırırlar.
- Necə düşünürsüz, Makedoniyalı İsgəndər bu gün siyasi mənada nümunə ola bilər?
- Şübhəsiz. O dünyanı böyük ideyaları ilə dəyişən gənc idi. İsgəndər inamla dünyanı dəyişmək üçün çalışırdı.
- İsgəndər və Buş arasında gözə çarpan paralellər var. Antik hökmdar da xalqları xilas etmək istəyirdi, əslində isə hərb yolu ilə qələbə çalıb öz qanunlarını zorla qəbul etdirirdi.
- İsgəndər sözsüz ki, güc adamı idi. O, öz iradəsinin yerinə yetirilməsinə nail olurdu. Amma istər-istəməz onun fəth bacarığı sərhədləri aşırdı. İnanıram ki, bu onun fövqəltəbii gücündən irəli gəlirdi. Əslində yeni dünya qurmaq köhnə bir arzudur. Bu sizə dünyanı çirkləndirmək, qanunu pozmaq kimi gəlir. Əslində isə böyük, vacib ideyadır. Əgər İsgəndər sizə Buşu xatırladırsa, mən nəsə edə bilmərəm, amma çox umid edirəm ki, onunla bağlı insanlarda müsbət təəssürat yaranıb. Oğul Buş isə hakimiyyətdə olanda hərbə güc verməklə atasını da ötüb keçmək istəyirdi.
- Siz İraq müharibəsini nəzərdə tutursunuz?
- Ata Buş 1991-ci ildə İraqla müharibəni dayandırdı və Səddam Hüseyn hakimiyyətdə qaldı. Oğul Buş isə atasına göstərdi ki, «yəni mən bunu səndən də yaxşı bacardım».
Buş doğrudan da inanır ki, o, uğurlu prezident olub. Səddam Hüseyni yıxaraq ölkəni böyük bir təhlükədən qoruyub. Əslində Buşun tarixi hələ sonadək yazılmayıb. Ona görə də biz onu qəti şəkildə mühakimə edə bilmərik.
Hazırladı: Sevda Əliəşrəfqızı