Və yaxud qəfil ucalanlar ailəsinin bir şəkli
Belə rəvayət edirlər ki, günlərin bir günü Şah Abbas qızını da götürüb məmləkəti gəzməyə çıxır. Hər yerdə hökmdarı adına layiq hörmət və cah-cəlalla qarşılayıb yola salırlar. Geri dönəndən sonra şah qızından soruşur: «Necədir, səfərimiz xoşuna gəldi?». Qız sevinc və heyrətini belə ifadə edir: «Bəs necə, ata!.. Dünya bizimdir!!!». Bu yerdə hökmdar gülümsəyib qızının fikrinə düzəliş verir: «Bala, dünya yox, dövran bizimdir».
«Vəsiyyət» adlı “qara komediya”nın baş qəhrəmanının adı da Dövrandır. Yaşadığı dövran elə onun dövranıdır. Gözəl və cavan arvadı, əlindən yaltaqlanmaqdan başqa bir iş gəlməyən bacısı və yeznəsi, “qanadı altına” çəkdiyi qardaşı və əmisi oğlu, xaraktercə ondan tamamilə fərqlənən dostu, həmişə imkanlı adamları əhatə edən stilistdən xidmətçiyədək xeyli insan məhz bu Dövranın sayəsində yaxşı, hətta layiq olduğundan qat-qat firavan dövran sürür. Amma milyonçu iş adamı Dövranın 60 illik yubileyində bir-birinin ardınca elə iki hadisə baş verir ki, dilindən alqış əskik olmayan doğmaların hamısının iç üzü açılır...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarındakı «Vəsiyyət» tamaşasından bəhs edirik. O tamaşadan ki, Əməkdar artist Firudin Məhərrəmov onu Hüseynbala Mirələmovun «Axirətdən gələn zəng» pyesi əsasında hazırlayıb. Və bu əsərdə baş verənlər bir növ Nəcəf bəy Vəzirovun «Ailə tərbiyəsinin bir şəkli» pyesinin ovqatını xatırladır.
“Qara komediya”nın adi komediyadan fərqi ondadır ki, qara rəng əsərdəki situasiyanın nə qədər faciəvi olduğunu göstərir. Bəs «Vəsiyyət»in faciəsi nədədir?
Oliqarx Dövran sonradan zənginləşmiş, amma müəyyən yaşam qaydaları ilə keçmişə ilişib qalmış iş adamıdır. Dövran onu yox, sevdiyi kasıb oğlanı seçən Röyanın cavan ərini ilim-ilim itirdikdən sonra onunla evlənib. Bütün işlərinin başında ona «ağa qayın» deyib yaltaqlanan yeznəsi Pirimi, hansı məzhəbə qulluq etdiyi bilinməyən, amma insafən ağzıbütöv və sədaqətli qardaşı Bayramı əyləşdirib, cavan əmioğlusu Samiri özünün “sağ əl”i hesab edir.
Dövran Əminbəylinin bu qədər qohumunun arasında ona cani-dildən sədaqətli və təmənnasız bağlanan bir nəfər varsa, o da bu ailədən olmayan dostu Elmandır. 60 yaşını bu əzizləri ilə birlikdə qeyd edən Dövran ağzından bir söz qaçırır ki, var-dövlətini bu masanın başında əyləşmiş hər kəsə vəsiyyət edib. Çünki o öləndən sonra əzizlərinin didişməsini istəmir. Elə əsl həngamə də bundan sonra başlayır.
...Heç nə etmədən mirasa sahib olmaqla arzularına meydan açılacağını bilsəniz, neyləyərdiniz? Həmin insanın dünyasını dəyişəcəyini necə gözləyərdiniz? İşdir, o dünyasını dəyişdikdə daha çox sevinərdiniz, yoxsa kədərlənərdiniz? «Vəsiyyət» komediyasının qəhrəmanları da bu iki hissin arasında naçar qalırlar. Öldüyünü zənn etdikləri adamın sağ olmasına inanmaq istəmirlər, çünki - bu, onlara sərf etmir.
Tamaşada baş rolda Əməkdar artist Abbas Qəhrəmanov çıxış edir. Təəssüf ki, bu koloritli, obraza özünəməxsus yanaşma tərzi olan, hər cür insan qılafına rahat girib başqalaşmağı bacaran aktyor öz obrazları ilə tamaşaçıları onların gözlədiyi qədər sevindirmir. Dövran Əminbəyli aktyorun təqdimatında tam dolğun bir tipajdır: aşiq olduğu qızın sevgilisini itirəcək qədər qəddar, həmin qadının ona nifrət etdiyini bilərək özünə arvad etməkdən qorxmayacaq qədər güclü, arvadı ilə hər kəsin gözü qarşısında «Qadın ətri» filmindəki tanqonu ehtirasla rəqs edəcək qədər müasir, şəxsi stilist və filippinli qulluqçu kimi firavanlıqla əhatə olunmuş cavan zövcəsinin bir gün ona xəyanət edəcəyinə əmin olacaq qədər soyuqqanlı, həyatın dibindən qaldırdığı qohumlarına gün ağlayarkən əsl dostunu, qulluqçudan qazandığı nikahdan kənar oğlunu da unutmayacaq qədər vicdanlı adam. Abbas Qəhrəmanovun Dövranını tanımaq üçün bahalı malikanələrin uca hasarlarını aşmaq, cibi yoğunların həzz alacağı əyləncə məkanlarında dolaşmaq, sarayları xatırladan geniş ofislərin görünməz şüşələrinin arxasındakı iş həyatını görmək lazımdır. Təbii ki, Dövran ümumiləşdirilmiş obrazdır. Bu tipi tanımaq üçün elə bu tamaşaya baxmaq kifayətdir.
Tamaşada üç əsas qadın obrazı var - Röya, onun baldızı Ceyran, bir də qaynı arvadı Zəhra. Bu üç qadının üçü də bizim müasir cəmiyyətdə rast gəlinən qadın tipləridir: zənginliyə boyun əyən Röya (aktrisa Ləman İmanova, digər ifaçı - Əməkdar artist Münəvvər Əliyeva), qardaşının sayəsində zənginləşdiyindən keçmişini yalnız ləhcəsində yaşadan, qardaşına sonsuz məhəbbət, onun arvadına isə bir o qədər nifrət bəsləyən baldız Ceyran (Əməkdar artist Sevinc Əliyeva), dindar olmağı seçib amma iman sahibi olmasına hələ çox qalan Zəhra (Əməkdar artist Almaz Amanova). Aktrisaların hər üçü müəllif ideyasından və rejissor yozumundan gələn obrazı bacardıqları qədər inandırıcı çatdıra bildilər.
Digər rolların ifaçıları Bayram (Əməkdar artist Mirzə Ağabəyli), Pirim (Rüstəm Rüstəmov), Samir (Elçin Əfəndi) və Elman (Əməkdar artist Kazım Həsənquliyev) də öz rollarını potensialları çatacaq qədər ifa etdilər. Kazım Həsənquliyevin ikinci hissədə monoloqu aktyorun bu tamaşadakı ən yaddaqalan səhnəsi oldu.
Tamaşada daha iki epizodik obraz var: filippinli qulluqçu Delisay (Fəridə Şahbazova), bir də stilist Timur (Ramin Şıxəliyev). Aktyor Ramin Şıxəliyevin obrazı həm zahiri görkəmi, jestləri, həm də xarakterindəki cizgilərlə məşhur bir stilisti az qala şarj qədər xatırladır. Hərçənd bu oxşarlıqları bir qədər yığışdırıb nizamlamaq olar. Çünki bu aktyorun kiçik rollara da rəng qatmaq məharəti var.
Tamaşanın bədii tərtibatında ən maraqlı məqam - Dövran bəyin səhnəyə gəlişi - ilk baxışda onun boya-boy portretin canlanması effektini yaradır, işıqlardan və obrazların ikinci planından istifadə etməklə hadisələrin Röya xanımın otağına və ya qonaq otağına keçidi, iri masanın ikiyə bölünüb aranın rəqs meydançasına çevrilməsi də tamaşanın ritmini artırır. Üstəlik, tamaşaçı salona daxil olarkən səhnəni pərdəsiz görür: yəni, ey tamaşaçılar, heç uzağa getməyin, bu cür hadisələr elə sizin dolaşdığınız cəmiyyətdə baş verir, siz bu cür hərislik oyunlarının iştirakçısı olmasanız da, şahidi, seyrçisisiniz.
Odur ki, teatrsevər oxucularımız, sizə bir sözümüz var. İstər nəsihət, ya da vəsiyyət kimi qəbul edin: amma Dövran bəyin aləminə qoşulmaqdansa, elə onun seyrçisi olmaq məsləhətdir.
Gülcahan Mirməmməd