Lənkəran teatrında yeni tamaşanın məşqləri başlanıb
   
   Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” adlı komediyasının məşqlərinə başlanılıb.
   Səhnə əsərində hadisələr keçmiş sovetlər dövründə cərəyan edir.
   Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qız da gətirir. Güləli anasının rus gəlinini qəbul etmədiyini gördükdə, o, Nataşanı etnoqraf tələbə kimi qələmə verir.
   Bunun hiylə olduğunu başa düşən Güləlinin anası Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtsın. O, hətta cindar Mircəfərin köməyindən də yararlanır, ondan, dərviş Məstəli şah Parisi dağıtdığı kimi, Moskvanı dağıtmağı xahiş edir...
   Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, rejissoru Əlibala Əsgərov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.