Yanvarın 12-də Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin (Yevlax və Mingəçevir şəhərləri, Bərdə və Tərtər rayonlarını əhatə edir) təşkilatçılığı ilə seminar-müşavirə keçirilib. Bərdə rayon Mədəniyyət mərkəzində gerçəkləşən seminar-müşavirə ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrin icrasına həsr olunub.
Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, rayon Mədəniyyət mərkəzinin filiallarının və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev ötən il ərzində görülən işlərdən və 2017-ci ildə həyata keçiriləcək tədbirlərdən danışıb. Bildirib ki, son illər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bölgələrimizin siması ildən-ilə dəyişir, şəhər və rayonlarda digər sahələr kimi, mədəniyyət və turizm də inkişaf edir.
Tədbirdə həmçinin ötən ildə mədəniyyət müəssisələrinin fəaliyyəti və mövcud vəziyyəti müzakirə edilib.
Sonra 20 Yanvar faciəsinin 27-ci ildönümü və 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinə daxil olan mədəniyyət müəssisələrində təşkil olunacaq tədbirlər haqqında fikir mübadiləsi aparılıb.