Göyçayda Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş tədbir
Göyçay rayon Mərkəzi kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Şair dühasının sönməz işığı” adlı ədəbi-bədii gecənin iştirakçıları əvvəlcə söz ustadı ilə bağlı hazırlanmış kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub. Sonra şairə həsr edilən videoslayd nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər N.Gəncəvinin həyat yolu və yaradıcılığından bəhs ediblər. Şairin Şərq və dünya ədəbiyyatında yeri, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə söz açılıb. Bildirilib ki, Nizami bəşəriyyətin bədii söz aləminə "Xəmsə” adlı xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir mənzərəsini yaradıb.
Orta məktəb şagirdləri şairin qəzəllərini söyləyiblər, skripkaçı Gəray Məmmədli və kitabxananın əməkdaşı Arzu Rəhimova dahi bəstəkar Üzeyir Hacıbəylinin şairin sözlərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romanslarını ifa ediblər.