Azərbaycan
   
   18 yanvar 1915 - Tanınmış rəqqas, Xalq artisti Əlibaba Əbdül oğlu Abdullayev (1915 - 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz”, “Dəli Kür” və s. filmlərdə rəqslərin quruluşçusu olub.
   18 yanvar 1925 - Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 - 2.11.1991) anadan olub.
   18 yanvar 1927 - Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 - 5.12.1997) anadan olub.
   18 yanvar 1941 - Kinorejissor, ssenarist, Xalq artisti Eldar Tofiq oğlu Quliyev anadan olub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   18 yanvar 1947 - Xalq artisti, rəqqasə Afaq Süleyman qızı Məlikova anadan olub. Azərbaycan Dövlət Rəqs Ansamblının solisti, bədii rəhbəri olub. 
   18 yanvar 1952 - Şair, yazıçı-publisist Həsən Əzizbala oğlu Xasıyev Qusar rayonunun Zindanmuruq kəndində anadan olub. “Şahdağ sovqatı”, “Ocağın odu”, “Ömür hesabat istər” və s. kitabların müəllifidir. Azərbaycan poeziyasından nümunələri ləzgi dilinə tərcümə edib.
   18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 27.8.1921 - 1983) vəfat edib. “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.
   
   19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 - 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarındandır. Ömür-gün yoldaşı C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.
   19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Xalq Cümhuriyyəti dövründə dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. Ali Sovetin qərarı ilə Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə təsdiq edilib. Azərbaycanın Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. 
   
   20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində anadan olub.
   20 yanvar 1928 - Akademik, etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı, qədim tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir.
   20 yanvar 1940 - Teatr rejissoru, Xalq artisti Cənnət Əlibəy qızı Səlimova anadan olub. Rus Dram, Bakı Kamera, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar teatrlarında tamaşalara quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. "Şöhrət" ordeni ilə təltif edilib.
   20 yanvar 1946 - Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər (Tahir İsmayıl oğlu Əkbərov) anadan olub. Simfonik və kamera əsərlərinin, populyar mahnıların (“Dərdin alım”, “Heç küsməyin yeridirmi?”) müəllifidir.
   20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib. Uşaq-gənclər üçün çoxsaylı əsərlərin müəllifidir. Kitabları: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
   20 yanvar 2010 - Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.

   Dünya
   
   18 yanvar 1689 - Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.
   18 yanvar 1882 - İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.
   18 yanvar 1893 - Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.
   18 yanvar 1955 - Amerika aktyoru və rejissoru Kevin Kostner (Kevin Michael Costner) anadan olub. Filmləri: “Çıxış yoxdur”, “Cangüdən”, “İdeal dünya”, “Canavarlarla rəqs” (ilk rejissor işi, “Oskar” - 1990) və s.
    
   19 yanvar 1798 - Fransız filosofu, pozitivizm cərəyanının və sosiologiyanın banisi Ogüst Kont (Isidore Marie Auguste François Xavier Comte, 1798-1857) anadan olub.
   19 yanvar 1809 - Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.
   19 yanvar 1839 - Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne, 1839-1906) anadan olub.
   19 yanvar 1848 - Alman bəstəkarı və musiqişünası Avqust Kreçmar (August Ferdinand Hermann Kretzschmar, 1848-1924) anadan olub.
   19 yanvar 1865 - Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.
   
   20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
   20 yanvar 1804 - Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.
   20 yanvar 1884 - Rus yazıçısı Yevgeni Zamyatin (1884-1937) anadan olub. Sosial-fantastik mövzulu “Biz” romanı ilə məşhurlaşıb.
   20 yanvar 1920 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
   20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan