Bir aydan çox davam edən, Bakının sazaqlı havasında yolu şəhərin mərkəzindən düşənləri cəlb edən «Soyuq əllər, isti ürək» xeyriyyə yarmarkası başa çatdı. Yanvarın 13-də yarmarkanın son tədbirlərindən biri baş tutdu. Festivalda xarici ölkələrin vətənimizdə çalışan və təhsil alan nümayəndələri, eləcə də xarici ölkələrin dilini və mədəniyyətini öyrənən yerli tələbələr iştirak edirdi.
Axşamüstü havanın küləkli və çiskin olmasına baxmayaraq, Fəvvarələr meydanında quraşdırılmış əsas səhnənin qarşısında xeyli insan toplaşmışdı. Təsadüfən yolu düşənlər isə musiqi səsini eşidib səhnənin qabağında bir qədər ləngiyirdilər. Tamaşaçıların arasında söhbətlərində imtahan sessiyasının təlaşı duyulan tələbələr, uşaqla gəzintiyə çıxmış valideynlər az deyildi.
Səhnədə isə növbə ilə Azərbaycan, Rusiya, Qırğızıstan, İndoneziya, Əfqanıstan, Ukrayna, Misir, Cənubi Koreya, Çin və Yunanıstan musiqisi səsləndi.
İndoneziya təmsilçiləri isə geniş proqram hazırlamışdılar. Onlar bir neçə rəqs və milli musiqi alətləri olan anqklunqda «Cücələrim» mahnısını ifa etdilər, hətta səhnədə milli kukla teatrı tamaşası da göstərdilər. Yeri gəlmişkən, təxminən 10 dəqiqə davam edən bu tamaşa uşaqların daha çox xoşuna gəldi.
Havanın soyuğu, küləyi isə yeniyetmə və gəncləri qorxutmurdu. Çünki onlar da səhnədən səsləndirilən musiqilərin ritmini tutub elə yerlərindəcə rəqs edir, atılıb-düşürdülər.
Bir qədər aralıda qurulmuş çadırda isə səhnədə öz musiqi mədəniyyətini göstərmiş ölkələrin mətbəx, turizm marşrutları ilə də tanış olmaq mümkün idi. Qırğız qızları ənənəvi çörək əvəzinə yeyilə bilən baursak, əfqanlar isə plovun öz ölkələrində yayılmış çeşidlərinin dadına baxmağı təklif edirdilər. Koreyalılar təhsil almaq üçün ali məktəblərin, yunanlar isə dincəlmək üçün münasib məkanların prospektlərini təqdim edirdilər.
* * *
Artıq bir neçə ildir «Nargiz fund»un təşəbbüsü ilə ənənəvi olaraq keçirilən, köhnə ilin son, yeni ilin də ilk günlərində şəhər həyatına rəng qatan xeyriyyə tədbirlərindən biri də geridə qaldı. «Soyuq əllər, isti ürək» xeyriyyə yarmarkası bir də 2017-ci ilin dekabrında Fəvvarələr meydanında görüşümüzə gələcək.
G.Miməmməd