20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrində Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdirilir.
   Yanvarın 19-da Nizami Kino Mərkəzində rejissorlar Nizami Abbas və Günel Aqifin “İlk komandir” və “Ən yüksək zirvə” filmləri nümayiş olundu. 
   Mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova filmlərin nümayişindən əvvəl çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki yerindən söz açdı. Bildirdi ki, vətənpərvərlik ruhunda lentə alınan filmlər gələcək nəsil üçün yaddaş və tarixi sənəddir. 
   Sonra “Ən yüksək zirvə” sənədli filminin rejissoru Günel Aqif ekran əsəri ilə bağlı fikirlərini bölüşdü. Filmin qəhrəmanı İlqar İsmayılovun anası Fatma Qocayeva oğlu ilə bağlı xatirələrindən söz açdı, onun Milli Qəhrəman adına layiq görülməzdən əvvəl idman sahəsində qazandığı uğurlardan danışdı. Bildirdi ki, beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaldan İlqar İsmayılov Qarabağ müharibəsinin ilk günlərindən silaha sarılaraq Ağdamda, Kərkicahanda, Cəmillidə rəşadətli döyüş yolu keçib. Qəhrəman anası belə oğulların həyat yolunun gənc nəslə örnək olduğunu dedi.
   Sonra Milli Qəhrəman Əliyar Əliyev haqqında “İlk komandir” və İlqar İsmayılov haqqında “Ən yüksək zirvə” sənədli filmləri nümayiş olundu. Filmin izləyiciləri sırasında Bakı Ali Neft Məktəbinin tələbələri də var idi. 
   Qeyd edək ki, Nizami Kino Mərkəzində yanvarın 20-də saat 13.00-da “Gültəkin”, 13.40-da “Mübarizlik zirvəsi”, 14.10-da “Adına yaraşan oğul” və 14.35-də “Ömrümün şah zirvəsi” adlı sənədli filmlər nümayiş olunacaq. Seanslara giriş pulsuzdur.
   
   Lalə Azəri