Bakı Şəhər İcra Hakimiyyətinin Kino xidməti idarəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib.
Silahlı Qüvvələrin zabit və əsgər heyətinin iştirak etdiyi tədbirdə millət vəkilləri Vahid Əhmədov, Asim Mollazadə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq arzusunun oyanış günü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Kino xidməti idarəsinin rəisi Gültəkin Nəriman Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvarın xalqımızın milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarix olduğunu vurğulayıb. Tədbirdə tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, müğənni Eldəniz Məmmədov çıxış edib. Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları bəstəkar-müğənni Elza Seyidcahanın “Şəhidlər balladası” əsasında kompozisiya ifa ediblər. Sonda Gültəkin Nərimanın ssenari müəllifi və rejissoru olduğu “Tarixin acısı - qan yaddaşımız” sənədli filmi nümayiş olunub.