20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Qaradağ rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəmanlara həsr olunmuş “Qərargah rəisi” və “Aqil Məmmədov” adlı sənədli filmlər nümayiş etdirilib. Nümayiş Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanlı faciədir. Ancaq nə sovet ordusunun silahları, nə də müxtəlif təsir vasitələri Azərbaycan xalqının iradəsini qıra bilməyib, Azərbaycan müstəqilliyə qovuşub.
Milli Qəhrəman Aqil Məmmədovun qızı Günay Səmədzadə qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik hissini gücləndirir, vətəninə, dövlətinə sevgi hissi aşılayır. Sonda Milli Qəhrəmanlar Şikar Şikarov və Aqil Məmmədov haqqında sənədli filmlər nümayiş olunub.