“Türk dünyasının öncülləri” silsiləsindən növbəti tədbir böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyara həsr ediləcək
   
   Ankarada, TÜRKSOY-un baş katibliyində “Türk dünyasının öncülləri” silsiləsindən Xoca Əhməd Yasəviyə həsr olunmuş konfrans keçirildi. Elm və mədəniyyət xadimlərinin qatıldığı konfransın əsas məruzəçisi Qazaxıstanın Türkistan şəhərindəki Türk-Qazax Əhməd Yasəvi Universiteti idarə heyətinin sədri Musa Yıldız idi. 
   Əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək “Türk dünyasının öncülləri” konfranslarına Əhməd Yasəvi ilə başlanılmasının anlamlı olduğunu və belə tədbirlərin islam-türk mədəniyyəti mütəfəkkirlərinin yeni nəsillərə izah edilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirdi: ''TÜRKSOY olaraq 1993-cü ildən layihələrimizi həyata keçiririk. Dövlət başçılarımızın himayəsi, mədəniyyət nazirlərimizin koordinasiyası ilə reallaşdırdığımız fəaliyyətlərə bu il bir yenisini də əlavə etməkdən son dərəcə məmnunuq. “Türk dünyası öncülləri” konfranslarını davamlı şəkildə, TÜRKSOY-un ənənəvi tədbirlərindən birinə çevirərək uzun illər davam etdirəcəyimizə inanıram. Bizlərə ötürdükləri mədəniyyət mirası ilə günümüzü işıqlandıran qabaqcıl şəxsiyyətləri xatırlamağa, öyrənməyə və tanıtmağa davam edəcəyik”. 
   Sonra Əhməd Yasəvinin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi. 
   Konfransın məruzəçisi Əhməd Yasəvi Universiteti idarə heyətinin sədri Musa Yıldız dünya şöhrətli mütəfəkkirin həyatı və yaradıcılığı haqqında məlumat verərək, Yasəvinin əsərlərindəki əsas fikrin insanın əxlaqı, mənəvi və tolerantlıq kimi dəyərlərin inkişafı olduğunu dedi: “O, xalqın rahat başa düşdüyü sadə türk dilində yazıb və bunun sayəsində geniş kütlələr onun əsərlərindəki hikməti anlaya biliblər. Ə.Yasəvinin günümüzə dörd böyük əsəri gəlib çıxıb”. 
   Məruzəçi Yasəvinin vaxtını ibadətə, yeni nəsillər yetişdirməyə ayırdığını, minlərlə şagird və tələbəsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Əhməd Yasəvi türk dünyasını islam dəyərləri ətrafında birləşdirən mütəfəkkirlərdəndir. Onun əsərləri bu günümüz üçün də aktualdır və bu səbəbdən türkdilli ölkələrdə çap edilir, irsi öyrənilir.
   Musa Yıldız TÜRKSOY tərəfindən 2017-ci il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Qazaxıstanın Türkistan şəhəri və buradakı Türk-Qazax Əhməd Yasəvi Universiteti haqqında da məlumat verdi, UNESCO-nun elan etdiyi “Xoca Əhməd Yasəvi ili” çərçivəsində görülən işlərdən, reallaşan tədbirlərdən də danışdı. 
   Tədbirin sonunda bildirildi ki, “Türk dünyasının öncülləri” silsiləsində fevral ayında keçiriləcək növbəti tədbir  böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyara həsr ediləcək.
   Qeyd edək ki, UNESCO 2016-cı ili “Xoca Əhməd Yasəvi ili” elan etmişdi. Dünya şöhrətli mütəfəkkirin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun “Dünya yaddaşı” proqramı tərəfindən qorunub saxlanılır. Yasəvinin vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya irsi siyahısına daxildir. 
   
   Mehparə Sultanova
   Ankara