Rusiyalı rejissor filmin müəyyən bir hissəsini Azərbaycanda çəkməyi planlaşdırır 
   
   Görkəmli rus yazıçısı Lev Tolstoyun "Hacı Murad" povesti əsasında yeni filmin çəkilişinə hazırlıq görülür. Rejissor Vadim Dubrovski filmin gələn il ekranlara çıxacağını bildirib. 
   Qeyd edək ki, Lev Tolstoyun bu məşhur əsəri əsasında indiyədək Almaniya, Türkiyə və İtaliyada filmlər çəkilib. Keçmiş SSRİ-də əsəri bir neçə dəfə lentə köçürmək istəsələr də, filmin çəkilişləri uğursuzluqla nəticələnib. Yeni film Moskvanın “Vizorium” studiyası tərəfindən lentə alınacaq. 
   Rejissor bildirib ki, “Hacı Murad” tarixi mövzu baxımından çox maraqlıdır. Həm də bu əsər heç zaman birmənalı qarşılanmayıb. Amma biz çalışacağıq ki, filmi düzgün variantda təqdim edək. 
   Rejissor baş rolları ifa edəcək aktyorların adlarını sirr kimi saxlasa da, Hacı Murad obrazını Qafqaz əsilli aktyorun canlandıracağını diqqətə çatdırıb və bildirib ki, filmin müəyyən bir hissəsini Azərbaycanda çəkməyi planlaşdırır. Həmçinin vurğulayıb ki, film hadisələrin cərəyan etdiyi məkanlarda lentə alınacaq - bura Dağıstan, Çeçenistan, Sankt-Peterburq daxildir. Film üçün orijinal qəhrəmanları seçmək məqsədilə yaradıcı heyət Bakı teatrlarından aktyorları da nəzərdən keçirəcək. 
   Vadim Dubrovski filmin iki formatda mövcud olacağını deyib. Filmin tammetrajlı variantı kinoteatrlarda, serial variantı isə televiziyada nümayiş etdiriləcək. Xatırladaq ki, "Hacı Murad" romanında Şimali Qafqaz xalqlarının Rusiya istilasına qarşı mübarizəsindən, əslən Dağıstanın Xunzax kəndindən olan Hacı Muradın həyat hekayətindən bəhs edilir. 
   
   Lalə Azəri