Ölkəmizin digər rayon və şəhərlərində olduğu kimi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasının, “NigART” qalereyasının və Ə.Kərim adına Poeziya klubunun birgə təşkilatçılığı ilə Poeziya evində “Vətən səsi” adlı sərgi keçirilib. Sərgidə 19 şagirdin 38 rəsm işi təqdim olunub.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Əməkdar incəsənət xadimi, rəssam Vaqif Nəzirli və digər çıxış edənlər şagirdlərə əl işlərinə görə təşəkkür ediblər. Balaca rəssamlara fəxri fərman və diplomlar təqdim olunub.
Sumqayıtın Tarixi Muzeyində də “Bakı, 20 yanvar-1990” başlığı altında sərgi təşkil olunub. S.Vurğun adına Mərkəzi kitabxanada isə “Yaddaş dərsi” keçirilib. N.Nərimanov adına Mədəniyyət mərkəzində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş kapitan Nəcməddin Savalanovun xatirəsinə həsr olunmuş film nümayiş etdirilib. “28 May”, Cəfər Cabbarlı və şəhər mədəniyyət evlərində keçirilən tədbirlərdə 20 Yanvara həsr olunmuş şeirlərlər ifa edilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Həmçinin, Zəngilanlı köçkünlərin məskunlaşdığı Abşeron rayonu Masazır qəsəbəsindəki klubda anım mərasimi keçirilib. Sumqayıtdakı Qubadlı rayon Mədəniyyət evinin foyesində “Qanlı Yanvar” adlı dəyirmi masa keçirilib. Mahmudlu kənd Mədəniyyət evinin bədii qiraət dərnəyi üzvlərinin ifasında şeirlər səslənib.
* * *
Mingəçevir Turizm Kollecində “20 Yanvar hüzn və milli qürur günümüzdür” adlı elmi-nəzəri konfrans keçirilib. Kollecin direktoru Əyyub Əyyubov 1990-cı ilin qanlı hadisələrini doğuran səbəblər, xalqın azadlıq mübarizəsi barədə danışıb. 20 Yanvardan bəhs edən sənədli filmə baxış keçirilib. Kollecin müəllimlərindən İbrahim Əyyubov, Elşad Səmədov, Rövşanə Fərəcbəyli və başqalarının mövzu ilə bağlı məruzələri dinlənilib.
* * *
Oğuz rayon Mərkəzi kitabxanasında “Azərbaycan tarixinin qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Kitabxananın şöbə müdiri K.Cəfərova, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi U.Baxışova və başqaları çıxış ediblər. H.Babayev adına şəhər 1 saylı məktəbin VI və VIII sinif şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.
* * *
Şamaxıdakı M.Ə.Sabirin ev-muzeyində “Şəhidlərimizin ruhu bizi mübarizəyə çağırır” mövzusunda dəyirmi masa keçirilib. Muzeyin direktoru Rəqsanə Xəlilzadə, S.M.Qənizadə adına şəhər 1 saylı tam orta məktəbinin müəlliməsi U.Xəlilova, muzeyin elmi işçisi N.Cabbarova və başqa çıxış edənlər xalqımızın azadlıq uğurunda mübarizəsindən bəhs ediblər. Şagirdlər 20 Yanvar faciəsi ilə əlaqədar şeirlər söyləyiblər.
* * *
Qusar rayon Mərkəzi kitabxanasında "Qan yaddaşımıza yazılan tarix" adlı anım tədbirində MKS-nin direktoru Zahir Mustafayev çıxış edib. Tədbir iştirakçıları sərgi ilə tanış olublar. 4 saylı orta məktəbin müəllim və şagirdlərinin, kitabxananın fəal oxucularının iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.
* * *
Siyəzən rayon Mədəniyyət mərkəzində şəhid ailələri ilə görüş keçirilib. Mərkəzin direktoru Ziyadə Dadaşova çıxışında 20 Yanvarın ən yeni tariximizin şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. Ağsaqqal və veteranlar Qəzənfər Nəcəfov, Qələmşah Babayev, Qarabağ müharibəsi əlili Nəbi Əliyev, şəhid ailələrindən nümayəndələr bildiriblər ki, şəhidlər bizim həm kədərimiz, həm də qürurumuz, vüqarımızdır.
* * *
Neftçala rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin kitabxanaçıları S.İmanov adına 1 saylı orta məktəbin IV sinfində “20 Yanvar həm hüzn, həm də milli qürur günümüzdür” adlı anım mərasimi təşkil ediblər. Məktəblilər 20 Yanvarla bağlı şeirlər söyləyib, şəhidlər İlham və Fərizənin hekayəsini kompozisiya şəklində göstəriblər.