Həm çox-çox milli fəxarətli, həm hədsiz dərəcədə milli kədərli
Firidun bəy Köçərli!
Bənzərsiz milli-estetik ziyalılıq fəaliyyətindən əlavə, öz ədəbiyyatşünaslıq baniliyilə - realist bədii nəsr, dramaturgiya və satirik publisistikamızın Mirzə Cəlili, zövqi-zehni inqilab poeziyamızın Mirzə Ələkbəri, ümummilli könül rübabımızın Üzeyir bəyi zirvəsində dayanan, akademik H.Araslının təbirincə; “Ömrünü xalqının maarif və ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadim” Firidun bəy Əhməd bəy oğlu Köçərli!
Haqqında oxuduqca, millət naminə etdiklərinə (və siyasi ŞƏRin maneələri üzündən başa çatdıra bilmədiklərinə) bələd olduqca, bəsirətli gözlər önündə tək elə fenomenal maarifçi, alovlu pedaqoq, o dövrə qədərki qaranlıq ədəbiyyatımızın cəfakeş tarixçi-nəzəriyyəçi-tənqidçisi, xalqını ziyalandırası əcnəbi əsərlərin tərcüməçisi yox, həm də millətimizin şərəf dəftərinə “qorxaq ziyalı” xalı salmışlığa tam əks bir ad - əyilməz milli Vətəndaş, Müşfiqlik-Cavidlik ərdəmliyi yazdırmış fədai canlanar. Bəs bir qədər dərinə varanda nə?
İki sonsuzluq...
Bunlardan ilki “doğal” - gene-bioloji. İkincisini isə qısa ifadə etmək mümkünsüz; mənim “lüğət fondumda” bu böyük Azərbaycan simasının ədəbi sonsuzluğa işləyən işlərinin, milli-mənəvi fədakarlıq fəlsəfəsinin cəmini ifadə edəsi bir termin yox. Bu ilişkənliyimə bir səbəb də, hörmətli araşdırıcılarımızın (hərbçi-publisist Ş.Nəzirlinin “Qoridən gələn qatar” kitabı istisna) bu milli dəyərli azmanımızı hələlik dəyərincə təqdim etməmələrilə ilgili. Belədə deyim ki, daim, öz dibinə işıq salmayan çıraq timsalında xatırladığım Firidun bəy - bütün zamanlarda sadə-sıravi (müasir terminlə - “statistik”) xalq taleyi yaşamışların, özlərindən qat-qat çox, millət görəv-gələnəklərinə işləmişlərin öncüllərindən olub...
Bu fədainin vurğuladığım “yaşam-işləm”lərindən ən alisi ümummaarif və mədəniyyət taleyimizdə müstəsna rol oynamış məşhur Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Gürcüstandan Vətənimizə gətirməsi!..
Bəli, evində qəlbə fərəhlər saçan “ata!” çağrısından məhrum bir sonsuzluq yaşayan bu insan, məmləkətinin say-seçmə övladlarına maarifçilik Dədəliyi etməklə, əbədi bir milli dəyər sonsuzluğuna bünövrə atmış oldu...
O, belə-belə müqəddəs işlər görməkdə, qatı daşnaklığını gizlədib XI Qızıl ordu sıralarına soxularaq “vəfalı bolşevik” donuna girənlərə qoşulan H.Sultanov(lar) isə Gəncədən xeyli uzaqda maarifçiliklə məşğul olan bu mələkmisal kişini yuxarılara “Gəncə üsyanının əsas təşkilatçısı” kimi protokollaşdırmaqda! Bu xalqın əbədi yadelli yağısı ilə yerli bir lakeyi birləşərək, 1920-ci il iyunun 4-də tərtib etdikləri həmin protokolda (mötərizələrarası işarə və sözlər istisna) yazırdılar:
“Mən, iyirminci diviziyanın Xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq bildirirəm ki, müttəhim öz hakimiyyətindən (!?) və böyük səlahiyyətindən (bu, ziyalı səlahiyyəti idi!) istifadə edərək zəhmətkeş (zəhləmizgetmiş!) xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda millətçilik ehtiraslarını qızışdırmış, nəticədə qonşu (daşnak və istiqlalsevər!) millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı (bizimçün sərfəli) deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (güllələnməylə nəticələmək!) lazımdır. Onun azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin (aşqa-aşqa - ziyalılardan başqa!) günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7 ¹li Xüsusi bölmənin rəisi Liberman.
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov”.
Deməli...
Demək, qanlı bolşevik - hər yerdə olduğu kimi, daha çox bu xalqın fəal düşünərlərini, ziyalı ordusu yetişdirəsi aydınlarını öz hakimiyyətlərinin “gərdəyi”ndəcə boğur ki, yaxın gələcəkdəki total repressiya maşınları maneəsiz hərəkət etsin...
O maneələrdən biri də - milli taleyimizə azman maarif xadimi, mədəniyyət mücahidi timsalında doğulmuş Firidun bəy Köçərli idi ki, öncə onun bioloji doğuluş-oluşundan...
1863-cü ildə Şuşada doğulmuş, oradakı beş-on erməni-rus uşağının “benefis”inə açılmış “rus şkolası”nda oxumuş, məşhur “tələbəaxtaran” A.Çernyayevskinin seçimilə Qori Müəllimlər Seminariyasına yollanmış (1878) və qısa sürəli ayrılmaları istisna edilməklə, bütün ömrünü bu məktəbin qəriblikdəki və doğma yurdumuzdakı dönəm-dövranına həsr və fəda etmişdir. Həmin istisnalar isə onun 1885-ci ildə (22 yaşında) qədim yurdumuz İrəvana gəlməsi, növbəti il “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının hadisə kimi qiymətləndirilən tamaşasını təşkil etməsi, “Vətən dili” dərsliyinin birinci hissəsini yenidən işləməsi kimi məsələlər...
1910-cu ildə Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin təlimatçısı təyin edildikdən sonra isə mədəniyyət tariximizə saldığı bənzərsiz mənəvi naxışları çoxumuza bəlli olan bu milli ağsaqqalımız, burada qəriblik və “qəribəliklərə” alışmaqda çətinlik çəkən azərbaycanlı müdavimlərə psixoloji, maddi-mənəvi dədə-babalıq da edir. 1918-ci ilin yazında isə millət alnına yazılası bir işə qol qoyur: seminariya mükəlləfiyyətini bir vaqona yükləyərək Azərbaycana doğru tarixi yol başlayır ki, o ulu yolda özü fizikən ikicə il olsa da, mənən hələ də səfərdə!..
Ovaxtların böyük ürək sahibi, millət düşüncəlisi, xalq səxavətlisi Məşədi İbrahimin Qazaxdakı on yeddi otaqlı mülkündə bünövrə edilən o seminariyanı bitirənlərin varisləri onun arzu və əməllərini, amal və duyğularını bu gün də yaşadır və biri-birinə ötürülən bu mənəvi miras əbədi olaraq da yaşayacaq. Axı, belə yollar heç bir mənzil-məsafədə kəsilmir! Baxmayaraq ki, həmin məktəb bütün əşyaları və zəngin kitabxanası ilə birgə Qazax rayon NKVD-si Xoren Qriqoryan “yoldaş”ın “erqu-eres” (bir-iki) kəlməsilə yandırılıb kül edilmişdir!..
Hə, Poylu stansiyasına çata-çatda gürcü atlıları o qatarın qabağını kəsir və Firidun bəy yüksək çinli bir zabitin qəzəbli qara-qışqırığını eşidir: “Bu saat vaqonu açın və Gürcüstana qaytarın!” Stansiya rəisi onu sakitləşdirdikdən sonra, çıxılmaz vəziyyətdə qalmış “qaçaqmalçı”nın qulağına əyilib deyir: “Firidun bəy, heç narahat olmayın. Mən özüm hər şeyi həll edəjəm. Siz məni tanımasanız da, mən cənabınızın necə böyük millət xadimi olduğunu bilerəm...”
...Aşa adlı bir nənə isə onun kim olduğunu nəvəsi Səməd Vurğunun həmin seminariyaya qəbulundan sonra tanıyır: “Ay Firuddin qağa, indiyəcən elə bilerdim bu anadan yetimi bir tərəfə çıxara bilmiyəjəyik. Səni ki gördüm, sən ki bu tifili o cürənə sorğu-suval eliyif, bu cürənə qiymətdəndirdin, dərdim başımnan, azarım huşumnan düşdü...”
“Hər kəs yüz il yaşamasa, günah onun özündədir” demiş və bütün ömrü uzunu bu böyük millət müəlliminin cəmi-cümlətanı əlli yeddicə il yaşadığına təəssüf hissi keçirmiş Osman Sarıvəlli: “Firidun bəy bizə yuxarı siniflərdə dərs deyəcəkdi. Təəssüf ki, qismət olmadı, 20-ci ildə güllələndi. Onun seminariyası bizə təkcə bilik, məlumat yox, əsl həyat dərsi, tükənməz yaradıcılıq eşqi verdi”.
On yeddi otaqlı mülkünü seminariyaya verib, böyük ailəsilə Kosalar kəndindəki sadə bir evə köçən Məşədi İbrahim də, “bu nə əliaçıqlıqdı” eyhamına cavabında çox maraqlı bir fikir işlədib: “Mən Firidun bəyin məktəbinə bina verdim, bu məktəb isə bu millətin binəsini qoyacaq”...
Universitet auditoriyalarında bizə daha çox “millət dərsləri” deyən böyük yazıçı və alim Mir Cəlal isə maarifçiliyimizin elmi-aspektual bünövrə banisi Firidun bəy Köçərli haqqında zirvə fikir işlədib: “Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür”...
...Millətimizin bu əbədiyaşar oğlunun “doğal” sonsuzluğu barədə isə elə onların öz dillərindən:
- Noolub, Badisəba, bu nə qəm? Olmaya Şuşadan, ya Qazaxdan bəd xəbər var?
- Eh, ay Firidun... Xəbər uzaqlardan deyil, budu burdandı, - deyib, ürəyini nişan verir. - Bu qədər ömür sürdük, Tanrı bizə bir övlad da vermədi ki, nişanəmiz qalsın...
Firidun bəy uzun bir xəyalatdan sonra gülümsünür:
- Fikir eləmə, Badim! Bu seminariyada oxumuş, oxuyan və oxuyası azərbaycanlı balalar bizim də balalarımızdır. Onlar bizi yaddan çıxarmazlar. İndi gözümüzlə görüb, qulağımızla eşidirik, gələcəkdə ruhumuzla duyarıq...
Tahir Abbaslı