Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Azərbaycanın milli rəsm sənətinin tanınmış simalarından biri, ilk realist fırça ustası Bəhruz Kəngərlinin doğum günü münasibətilə sərgi təşkil edilib.
Muxtar respublika Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva rəssamın həyat və yaradıcılığı barədə ətraflı söhbət açaraq Azərbaycan realist rəssamlıq məktəbinin inkişafında Bəhruz Kəngərlinin xüsusi yeri olduğunu bildirib.
Digər çıxış edənlər də rəssamın həyatı və yaradıcılığı barədə sərgi iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır.
Muxtar respublika rəssamlarının Bəhruz Kəngərli irsini təbliğ edən əsərlərindən ibarət sərgi maraqla qarşılanıb.
Bəhruz Kəngərlinin portretini xalça üzərinə ilmələrlə işləyən Rəssamlar Birliyinin gənc üzvü Türkanə Musayeva deyib ki, əsər iki aylıq zəhmətin bəhrəsidir və Ülviyyə Həmzəyevanın yaratdığı eskiz əsasında toxunub.
Sərgi iştirakçıları Bəhruz Kəngərli adına Rəssamlar parkına gələrək görkəmli rəssamın xatirəsini ehtiramla yad ediblər.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli bildirib ki, sənətkarın irsinin təbliği ona verilən ən böyük qiymətdir. Bir qərinəlik ömründə əbədiyaşar əsərlərə həyat verən Bəhruz Kəngərli gələcək nəsillər üçün rəssamlıq məktəbi yaradıb.