Bir əsərin tarixçəsi
   
   Paytaxtımızın memarlıq simasını müəyyənləşdirən və zənginləşdirən elə abidələr var ki, onlarsız Bakını təsəvvür etmək çox çətindir. Onlardan biri də məşhur şairə Xurşudbanu Natəvanın şəhərin izdihamlı guşələrindən sayılan “Azərbaycan” kinoteatrının qarşısındakı tunc heykəlidir. 1960-cı ildə açılışı keçirilən bu abidənin çox maraqlı yaranma tarixi var... 
   
   Əsərin müəllifi, görkəmli tişə ustası, akademik Ömər Eldarovla bugünlərdə baş tutan söhbətimiz də elə bu abidənin yaranması ilə bağlı idi. Məlum oldu ki, 1951-ci ildə Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərindəki İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirəndən sonra Bakıya qayıdan gənc heykəltəraşı çox qısa müddət ərzində həmkarları arasında rəğbət qazanmasına görə Azərbaycan Bədii-İstehsalat Kombinatı nəzdində fəaliyyət göstərən bədii şuraya üzv seçirlər. Şuranın başlıca vəzifəsi rəssam və heykəltəraşlar tərəfindən icra olunan əsərlərin bədii məziyyətlərini müəyyənləşdirmək, ictimailəşməsinə icazə vermək idi. Günlərin birində şuraya rəssam Heydər Cabbarlı yağlı boya ilə çəkdiyi qadın portretini təqdim edir. O, portretdə təsvir olunan milli geyimli bu qadının şairə Xurşudbanu Natəvan olduğunu söyləyir. O vaxtlar onun portreti ictimaiyyət arasında geniş yayılmadığından və onun portret cizgiləri haqqında bədii şura üzvlərinin məlumatı olmadığından, onlar portretin oxşarlığı barəsində fikir söyləməkdə çətinlik çəkdiklərini etiraf edirlər. H.Cabbarlı əvvəlcədən bu vəziyyətin yaranacağını duyubmuş kimi özü ilə şairənin tək və uşaqları ilə birlikdə çəkdirdiyi fotolarını da gətiribmiş. Odur ki, şura üzvləri hazır rəngkarlıq əsərini foto ilə tutuşdurub, onun qənaətbəxş çəkildiyini söyləyirlər. 
   Ömər müəllim xatırladı ki, o vaxt hamı kimi mən də bu fotolara diqqətlə baxdım və məni sözün əsl mənasında bu qadındakı nüfuzedici baxış və ariflərin duya biləcəkləri daxili enerji ovsunladı. Beynimdə onun heykəl-portretini yaratmaq istəyi yarandı. Soraqlaşıb Nizami adına Ədəbiyyat Muzeyinin fotoarxivindən H.Cabbarlıda gördüyüm fotoların surətlərini əldə etdim. Az sonra o vaxtlar bütün Azərbaycan heykəltəraşlarının emalatxana kimi istifadə etdikləri “kirxa” deyilən dini-memarlıq tikilisində Natəvanın portretini işləməyə başladım. Yarımfiqur şəklində həll olunmuş portretin gil variantı hazır olandan sonra onu mərmərdə yonmağa başladım: “Həmin vaxt Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimov Bakıda ucaldılacaq hansısa abidənin hazırlığı prosesindən xəbərdar olmaq üçün oraya gəlmişdi. Məni də gördü və hal-əhval tutdu, ali təhsil alıb Bakıya qayıtmağıma görə şad olduğunu bildirdi. Bu bizim onunla ilk ünsiyyətimiz deyildi. Mən hələ Rəssamlıq Məktəbində oxuyarkən M.İbrahimov mənim işlədiyim “Demon” obrazını çox bəyənmişdi, gələcəyimə böyük ümidlər bəslədiyini söyləmişdi. Odur ki, mənim Natəvanın obrazını mərmərdən yonmağım onun marağına səbəb oldu”. 
   M.İbrahimov işi diqqətlə nəzərdən keçirir və yüksək qiymətləndirir. “Sonra üzünü onunla gəlmiş vəzifəli şəxslərə tutub bildirdi: “Bu vaxta qədər Bakıda Xurşudbanu Natəvanın abidəsi qoyulmayıb. Amma niyə də olmasın?”. Ardınca da mənə tərəf çevrilib: “Həmin abidəni hazırlaya bilərsənmi?” - dedi. Mən razılığımı bildirdim, o isə cavabında: “Onda sabahdan işə başla!” - deyib kirxanı tərk etdi...” 
   Ö.Eldarovun abidə üzərində işi üç-dörd il çəkir. Amma o vaxta qədər mərmərdən hazırladığı portret çox məşhurlaşmışdı. Əsər 1955-ci ildə Zaqafqaziya rəssamlarının Bakıda keçirilən sərgi-toplantısında uğurla nümayiş etdirilir. Həmin vaxt Bakıda SSRİ Rəssamlar İttifaqının və SSRİ Rəssamlıq Akademiyasının birgə iclası da keçirilmişdi. SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti, məşhur heykəltəraş Y.V.Vuçetiç toplantıda çıxış edərək portreti yüksək dəyərləndirmiş və “Xurşudbanu Natəvan” əsərinin Stalin mükafatına təqdim olunmasını təklif etmişdi. 
   O vaxtlar bu proses bir neçə mərhələdən keçməli, müxtəlif təşkilatlar müvafiq zəmanət məktubları hazırlamalı idilər. Moskvadan gələn qonaqlar geri qayıdandan sonra bu məsələ nədənsə unuduldu. Başqa sözlə desək, 28 yaşlı heykəltəraşın qayğısını çəkən olmadı. Amma əsər unudulmadı və onun əvvəlcə Bakıda, sonra isə Moskvada Ümumittifaq sərgisində nümayişi izsiz ötüşmədi, onun SSRİ Mədəniyyət Nazirliyi tərəfindən alınması da bunun təsdiqi oldu. 
   Ö.Eldarov: “İndi də təəssüflənirəm ki, əsər o dövrdə Bakı yox, Moskva tərəfindən alındı. Çünki sonradan onun izinə düşüb saxlandığı yeri müəyyən etmək mümkün olmadı və mən də məcbur olub portret janrı çərçivəsinə sığışmayan bu əsəri ikinci dəfə yaratmalı oldum. İndi Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan da həmin sonradan ərsəyə gətirilən əsərdir. Qənaətimcə, birinci variant bədii tutumuna görə daha güclü idi...”
   Heykəltəraş 50-ci illərin ikinci yarısından Xurşudbanu Natəvanın abidəsi üzərində başladığı işi 1960-cı ildə tamamlayır. Memarları Ə.İsmayılov və F.Leontyeva olan tunc abidə “Azərbaycan” kinoteatrının qarşısında qoyulur. Ömər müəllim bu abidənin məkan seçiminin zamanına görə çox cəsarətli addım olduğu qənaətindədir. Belə ki, çox da hündür olmayan kürsü üzərində qərarlaşmış abidə, bir çox hallarda olduğu kimi, ətraf mühitdən təcrid olunmamışdı. Yaxın dövrəsi daima insanlarla dolu olan abidə ətrafından az seçildiyindən bəzən onun şəhər mühitinə “qaynayıb-qarışması” aydın duyulurdu. 
   Zəngin geyinmiş “Xan qızı”nın kresloda oturmuş vəziyyətdə yaradılmış fiquru bütün nöqtələrdən cəlbedici və əzəmətli görünür. Şairənin mərmər portreti ilə tunc fiquru arasında müəyyən oxşarlıqlar mövcud olsa da, plastik həllinə və yapma xırdalıqlarına görə fərqlənir. Əgər portretdə həm də geyimin incəliyinə, bəzəklərin vurğulanmasına üstünlük verilmişdisə, abidədə müəllif daha çox formaların ümumiləşdirilməsinə və bədii lakonikliyə üstünlük vermişdir. Bununla yanaşı, tunc heykəldə işıqlı əməllərinə görə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazı yaradılmışdır. Onun düşüncələrlə baş-başa qalmış görkəmi də həyatı təzadlı, ağrılı-acılı keçən “Xan qızı”nın onu bir an belə tərk etməyən yaşantılı anlarına bədii işarə kimi qəbul olunur. Müəllifin Xurşudbanu Natəvanın geyiminin qırışlarında, oturuşun sərbəstliyini və təbiiliyini səciyyələndirən axıcı ritmlərində əldə etdiyi cəzbedici plastik görkəm Azərbaycan heykəltəraşlığı üçün yeni idi, desək, yanılmarıq. Yəqin ki, elə bu və digər yüksək bədii məziyyətlərinə görə abidə bu günə kimi milli heykəltəraşlığımızın çox dəyərli nümunələrindən biri olaraq qalmaqdadır. Ö.Eldarovdan sonra təsviri sənətin müxtəlif növlərində Xurşudbanu Natəvana həsr olunmuş çoxsaylı əsərlər yaradılsa da, haqqında söz açdığımız abidə yenə də birinciliyi qoruyub saxlamaqdadır...
   Ömər müəllim söhbətimiz zamanı heykəllə bağlı bir maraqlı əhvalatı da xatırladı. Məlum oldu ki, heykəlin açılışından sonra Mərkəzi Komitədə işləyən bir məmur onun şəhərdən götürülməsi təklifini irəli sürüb. Səbəb kimi də Natəvanın Bakıda abidəsinin ucaldılması üçün zamanında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarının olmadığını göstərib. Doğrudan da, abidənin qoyulması Mərkəzi Komitənin yox, Azərbaycan SSR Ali Sovetinə 1954-1958-ci illərdə sədrik edən yazıçı Mirzə İbrahimovun təşəbbüsü ilə reallaşmışdı. O, Dövlət Tikinti Komitəsinə məktub yazıb, heykəlin ucaldılması məsələsini həll etməyi tapşırmışdı. Komitənin sədri Ənvər İsmayılovdan abidənin memarlığını da öz üzərinə götürməyi xahiş etmişdi. Abidənin açılışı zamanı isə Mirzə müəllim həmin yüksək vəzifədə çalışmırdı. Məsələnin ciddiləşdiyi həmin vaxtlarda kiminsə məmura niyyətinin absurd olduğunu başa salmasından sonra hər şey qaydasına düşür... 
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru