XX əsrin əvvəllərində Bakıda ziyalılar və zəngin iş adamlarının təşəbbüsü ilə maarifpərvər xeyriyyə cəmiyyətləri yaradılırdı. İstedadlı, maddi cəhətdən imkansız tələbələrin ali təhsil almalarına yardım məqsədilə yaradılan xeyriyyə təşkilatlarından biri də “Nicat” cəmiyyəti idi. 1906-cı ilin 9 martında təsis toplantısı keçirilən cəmiyyətin rəhbərliyində Məmmədəli bəy Səlimbəyov, Həsən bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Qasım Qasımov, İsa bəy Aşurbəyov, Əlimərdan bəy Topçubaşov kimi ziyalılar təmsil olunub.
   Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 1906-1910-cu illərdə Gəncədə ”Mədrəseyi-ruhani”, Şamaxıda ”Üxüvvət”, Ağdaşda ”Darülfənn”, Nuxada (Şəki) “Həqiqətüs-Sibyan”, Lənkəranda “Behcət” adlı məktəblər açılır. Məktəblərin tədris vəsaitləri ilə təminatı daim diqqət mərkəzində saxlanılır. Cəmiyyətin nəzdində pedaqoji ədəbiyyat bölməsi yaradılır. Azərbaycan dilinin orfoqrafiyasının hazırlanması istiqamətində iş aparılır. Görkəmli ədib, naşir Əli bəy Hüseynzadə və Osmanlı Türkiyəsindən gəlmiş naşir-pedaqoq Əhməd Kamalın Azərbaycan türkcəsinin orfoqrafiyası ilə bağlı təklifləri cəmiyyətin təsis etdiyi eyniadlı qəzetində müzakirəyə çıxarılır. Savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edilir. Cəmiyyətin 1907-ci ildə keçirdiyi illik hesabatında bildirilirdi ki, axşam kurslarının 280 nəfərədək dinləyicisi olub. Bisavad, az savadlı və savadlı olmaqla üç qrupda fəaliyyət göstərən axşam kurslarında rus və Azərbaycan dilləri, riyaziyyat fənni tədris edilirdi.
   Cəmiyyətin 4-cü rus-tatar məktəbində müəllim Əli Terequlovun rəhbərliyi altında həftədə bir gün olmaqla üçsaatlıq cümə kursları da təşkil olunurdu. “Nicat”ın xətti ilə açılan ümumi qiraətxana və kitabxanalarda kütləvi oxular da keçirilirdi. Burada həmçinin gigiyena və yoluxucu xəstəliklər, xüsusilə vəba haqqında mühazirələr oxunurdu. 
   Lakin xeyriyyə cəmiyyətinin nəcib təşəbbüsləri heç də hər yerdə birmənalı qarşılanmırdı. Bakının Maştağa kəndində Əhməd Dövlətoğlu adlı maarifpərvər bir kənd sakininin mülkündə açılan qiraətxana anlaşılmazlıq üzündən bağlanır. Qarışıqlığın səbəbi isə məhəllə mollasının qiraətxanaya gedərək orada qəzet oxunmasının şəriətə uyğun olmadığını deməsi idi... 
   Ölkədə maarifçilik hərəkatının genişləndirilməsi məqsədilə “Nicat” cəmiyyətinin təşkilatçılığı ilə 1906-cı ilin 15-18 avqust tarixində Bakıda Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilir. Qurultayda bir çox məsələlərlə yanaşı, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müəllimlər seminariyasına çevrilməsi və orada Azərbaycan dilinin əsas fənn kimi tədris edilməsi, müsəlman müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi tələbləri gündəmə gətirilmişdi.
   Tədqiqatçı Məmmədəli Babaşlı araşdırmasında yazır ki, cəmiyyət tərəfindən milli mədəniyyətin inkişafı istiqamətində də xeyli işlər görülmüşdü. Bu mənada cəmiyyətin nəzdində təşkil olunan teatr bölməsinin fəaliyyəti təqdirəlayiq idi. Dövrün tanınmış aktyorlarından Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla ilə yanaşı, bir sıra teatr həvəskarlarını toplamağı bacarmış bölmə benefislər keçirirdi. Toplanan vəsait isə ehtiyacı olan şagirdlərə verilirdi. Cəmiyyətin təşəbbüsü ilə 12 yanvar (25 yanvar) 1908-ci ildə Tağıyev teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk nümayişi gerçəkləşir. Bununla müsəlman Şərqində opera sənətinin əsası qoyulur.
   “Nicat” cəmiyyəti bəzi hallarda imkansızlıqdan, bəzən də başqa xeyriyyə cəmiyyətləri ilə yerli-yersiz çəkişmələr üzündən öz qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmirdi. Cəmiyyətin üzvləri arasındakı qarşılıqlı etimada zərbə dəyir. Ən başlıcası isə ziyalılarla varlı təbəqə nümayəndələri arasında narazılıq yaranır. 20 mart 1916-cı ildə cəmiyyətin rəhbər orqanlarına seçkilər zamanı bu narazılıq daha da dərinləşir. Behbud ağa Cavanşir cəmiyyətə sədr, İsa bəy Aşurbəyov sədrin köməkçisi seçilir. Səsvermə ilə bağlı qarşılıqlı ittihamlardan sonra seçkilərin nəticələri ləğv olunur. Bu da cəmiyyətin əvvəlki fəallığını bərpa etməsinə mane olur. Cəmiyyət müxtəlif səbəblərdən Hüseyn Ərəblinski və Mirzağa Əliyevi Moskvaya təhsil almağa göndərməkdən boyun qaçırır. Eyni zamanda 1913-cü ildən Sankt-Peterburq Konservatoriyasında təhsilə başlayan Üzeyir Hacıbəyliyə verilən təqaüd dayandırılır. 
   Bununla belə, “Nicat” cəmiyyəti 10 il ərzində ölkəmizdə təhsil və mədəniyyətin inkişafına mühüm töhfələr verib. 1916-cı ildə yerlərdə açılan bir və ikisinifli məktəblərin sayı 30-a çatmışdı. “Nicat” cəmiyyəti 1917-ci ilin Oktyabr inqilabı ərəfəsində fəaliyyətini dayandırıb.
   
   Savalan Fərəcov