Yanvarın 26-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə Xalq artisti İsmayıl Dağıstanlının (1907-1980) 110 illiyinə həsr olunmuş tədbir keçirildi. Teatrın foyesində sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgi təşkil edilmişdi.
Tədbiri teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət açaraq görkəmli sənətkarın yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, İsmayıl Dağıstanlı Azərbaycan teatr sənətinin inkişafına töhfələr verən sənətkar olub. O, çətin və maraqlı həyat yolu keçib. Yaradıcılığı yeni-yeni aktyor nəslinə örnək olub.
Xalq artisti Hacı İsmayılov görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, İsmayıl Hacıyev 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb. Kiçik yaşlarında ikən valideynləri Şəkiyə köçür. İsmayıl Şəki İpək Fabrikinin nəzdindəki sənət məktəbində təhsil alır, dram dərnəyinə üzv yazılır. O zaman Şəkinin tanınmış ziyalılarından Baxşəli Əfəndi, Yusif Bədəlov və başqaları şəhərdə Türk Dram Cəmiyyəti yaradırlar. Teatr həvəskarı İsmayıl da 1925-ci ildə həmin cəmiyyətə üzv olur. 1926-cı ildə Baxşəli Əfəndi və İbrahim İsfahanlının tövsiyəsi ilə Bakıya gələrək Teatr Məktəbinə daxil olur. Görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev hər ay məktəbə gələr, tələbələrə maddi kömək göstərərmiş. Tələbələr onun xətrini çox istəyər, sözündən çıxmazmışlar. İsmayıl Hacıyev də onun məsləhəti ilə “Dağıstanlı” təxəllüsünü götürür, teatr və kino sənətində bu adla məşhurlaşır.
Xalq artisti Ramiz Məlikov bildirdi ki, görkəmli sənətkar 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Azərbaycan Dram Teatrında çalışıb. Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub. 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində yaddaqalan obrazlar yaradıb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasında Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramında Böyük bəy roluna 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.
Tədbirdə daha sonra Xalq artist Ağakişi Kazımov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək İ.Dağıstanlının səhnə və kino yaradıcılığından danışdılar. Qeyd olundu ki, aktyorun “Səbuhi” (Mirzə Fətəli), “Qara daşlar” (Aslanov), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli xan Xoyski ) və s. filmlərdə həyat verdiyi xarakterlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Çıxışlardan sonra görkəmli sənətkarın qızı Lamiyə xanım çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Savalan Fərəcov