Rusiyalı qonaq Gənc Tamaşaçılar Teatrında, Macarıstan səfiri Dövlət Musiqili Teatrında olub
   
   Rusiyanın Sankt-Peterburq şəhərinin “Kovçeq” eksperimental teatrının direktoru Olqa Luçitskaya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olub.
   Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonağa sənət ocağının tarixi, səhnələşdirilən əsərlər, beynəlxalq əlaqələr, xarici ölkə teatrları ilə yaradıcılıq münasibətləri barədə danışıb. Azərbaycan teatrının hazırda yeni inkişaf dövrünü yaşadığı, ölkə rəhbərliyinin teatr sənətinə diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.
   Teatr rəhbərləri gələcəkdə maraqlı bir layihəni həyata keçirməyin mümkünlüyünü qeyd ediblər. Olqa Luçitskaya Gənc Tamaşaçılar Teatrının repertuarı ilə tanış olduğunu və bu il teatrın “Bir gecənin nağılı” tamaşasını Sankt-Peterburq tamaşaçılarına təqdim etmək arzusunda olduğunu bildirib.
   
   * * *
   Azərbaycan Dövlət Musiqili Teatrında isə Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski ilə görüş keçirilib.
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonağa sənət ocağının fəaliyyəti barədə məlumat verib. Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin genişləndirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra təkliflər səsləndirilib, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. 
   “Biz çağdaş dünya teatrlarında gedən bütün prosesləri diqqətlə izləyir, bu ümumi prosesə öz töhfələrimizi verməyə çalışırıq. Bu yaxınlarda teatrımızda böyük macar bəstəkarı İmre Kalmanın “Silva” operettasının premyerası oldu. Macarıstan səfirliyinin əməkdaşlarının da iştirak etdiyi premyera anşlaqla keçdi və tamaşaçıların böyük çoşqusuna səbəb oldu”, - deyə Əliqismət Lalayev bildirib.
   Səfir İmre Laslotski səmimi söhbətə və qəbula görə təşəkkür edib. Belə görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasında mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.