Dekabrın 21-də M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 210 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu dahi şairin yaradıcılığından danışıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə bildirib ki, tədbirin keçirilməsində məqsəd A. S. Puşkinin xatirəsini anmaqdır: “Azərbaycan xalqı hər zaman onun xatirəsini uca tutub və yad edib”.
   Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin də çıxışında Puşkinin həyat və yaradıcılığına toxunub: “Heç kim təsəvvür edə bilməz ki, səfir üçün iş gününü Puşkinlə başlamaq necə gözəl bir hissdir. Azərbaycan xalqına öz təşəkkürü bildirmək istəyirəm ki, hər zaman Puşkinin yaradıcılığına müraciət edərək onun xatirəsini anıb. Bu xalq hər zaman ona böyük qiymət verib. Mən çox sevinirəm ki, Puşkin yaradıcılığı bu gün Azərbaycan mədəniyyətində öz yerini tutub”.
   Mərasimdə tanınmış qələm adamlarının, ədəbiyyatsevərlərin, qiraətçilərin iştirakı ilə ədəbi mərasim təşkil edilib.