Bradi kəndi dağlar diyarı Lerik rayonunun füsunkar guşəsində yerləşir. Kəndin ululardan qalma gözəl adət və ənənələri çoxdur. Dünya görmüş ağsaqqallarına, ağbirçəklərinə böyük hörmət göstərilir, onların iştirakı ilə kənd klubunda maraqlı tədbirlər keçirilir. Belə tədbirlərdə əsas məqsəd gənclərdə ailəyə, doğma torpağa, el-obaya məhəbbət hissi yaratmaqdır. 
   Bu yerdə bir ocaq yanır. Ocağın başında duran İsaq Məmmədov Bradi kəndinin ən hörmətli qocalarındandır. O, ömrünün 85-ci ilini yaşayır. El təəssübünü çəkən, halallığı sevən bu çörəkli baba 60 ildir ki, Güləkinə nənə ilə birgə ömür sürürlər. Səkkiz övlad böyüdüblər. Onların həyat yolu gənclərə gözəl örnəkdir.
   Bu günlərdə kənd klubunda gənclər yenidən Məmmədovların başına cəm olmuşdu. Onlar İsaq baba ilə Güləkinə nənənin bir-birinə qovuşduqları günün 60 ilini qeyd edirdilər. İsaq baba üzünü gənclərə tutub dedi: “Əzizlərim, mənim balalarım, insanın xoşbəxtliyi onun halal ailəsindən çox asılıdır. Məni yaşadan həyat yoldaşım Güləkinənin xoş xasiyyətidir. Siz də çalışın ki, sevdiyiniz adamla mehriban dolanın, sözü çürük, qəlbi sönük adamlardan uzaq durun. Belə olduqda süfrənizdən halal çörək əskik olmaz”. 
   
   Zəfər Orucoğlu
   Lerik rayonu Bradi kəndi