“Bunları yazmaq o hadisələri yenidən yaşamaq deməkdir. Mən bunu bacarmaram...”
   
   Ömrünün mənasını xalqına xidmətdə görən görkəmli alimlərimizdən biri də tarix elmləri doktoru, Dövlət mükafatı laureatı Sara Aşurbəyli olub.    
   Sara Balabəy qızı Aşurbəyli 27 yanvar 1906-cı ildə Bakı şəhərində zadəgan ailəsində dünyaya göz açıb. İlk təhsilini “Müqəddəs Nina” qızlar məktəbində alır. Valideynləri 1918-ci ildə Türkiyəyə köçür, o da İstanbulda Janna D`Ark adına kollecdə təhsilini davam etdirir. Sonra vətənə dönür və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsil alır. Azərbaycanın sovetləşməsindən sonra əsməyə başlayan siyasi rüzgar bu ailənin də taleyində dərin izlər buraxır. Saranın atası Balabəy və əmisi Əlibəy repressiya olunaraq güllələnir. 
   Sara xanım da bir müddət təqib olunur. O, ikinci ali təhsil almaq məqsədilə 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Sonra BDU-da müəllim işləyir, Pedaqoji İnstitutda dekan vəzifəsinə irəli çəkilir. Sara Aşurbəyli sonralar Milli Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq, Tarix, Arxeologiya və Etnoqrafiya institutlarında aparıcı və baş elmi işçi işləyir.
   Alimin Azərbaycan tarixşünaslığında ən böyük xidməti qədim Bakının tarixinə dair tədqiqatlarıdır. O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatının VI əsrdən XVI əsrə kimi dövrünü zəngin mənbələr əsasında araşdırıb. Bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə doktorluq dissertasiyalarını müdafiə edib. 
   Sara Aşurbəyli fəaliyyətində təkcə vurğunu olduğu tarix elmi ilə kifayətlənməyib. O həm də musiqiçi, rəssam, filosof olub. İstanbulda oxuyarkən alman dilini, daha sonra Bakıda ali təhsil alarkən digər əcnəbi dilləri öyrənməsi həyatın ən çətin dönəmində ona yardımçı olub. “Xalq düşməni”nin qızı kimi işdən çıxarılandan sonra Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında xarici dildən dərs deyib. Rəssamlıq qabiliyyəti ilə Akademik Milli Dram Teatrında dekorçu rəssam kimi fəaliyyət göstərib. 
   Ömrünün kövrək çağlarında o, “Bütün yaşadıqlarımız haqqında memuar yazacaqsınızmı” sualına belə cavab vermişdi: “Ömrüm doğmalarımın itkisi, dövrün, insanların ədalətsiz münasibətləri və xəyanətləri ilə dolu keçib. Bunları yazmaq o hadisələri yenidən yaşamaq deməkdir. Mən bunu bacarmaram...”
   Sara xanım dəyərli tarixi kitabların, monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi, bir sıra beynəlxalq konfransların iştirakçısı olub. Onun elmi fəaliyyəti yüksək qiymətləndirilib, respublikanın Əməkdar elm xadimi adına, Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülüb. Ümummilli lider Heydər Əliyev alimin 90 illiyi münasibətilə göndərdiyi məktubda onun elmi və ictimai fəaliyyətini belə səciyyələndirmişdi: “...Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.
   Uzun ömür sürən alim 2001-ci ildə, 95 yaşında dünyasını dəyişib. 
   
   Savalan Fərəcov