"La-La Lend" musiqili filmi 14 nominasiyada mükafata iddia edir
   
   Amerika Kino Akademiyası builki "Oskar" mükafatına əsas nominantların adlarını açıqlayıb.    
   Nominasiyaların sayına görə Damyen Şazellin "La-La Lend" müzikli liderdir. Amerikalı gənc rejissorun filmi 14 nominasiya üzrə mükafata iddiaçıdır. Xatırladaq ki, "La-La Lend" filmi bu yaxınlarda 7 nominasiya üzrə "Qızıl qlobus" mükafatına layiq görülüb.
   “Ən yaxşı film” adı uğrunda Deni Vilnevin "Gəliş" elmi-fantastik dramı, Denzel Vaşinqtonun "Çəpərlər", Mel Gibsonun "Vicdan mülahizələrinə görən, habelə "Nəyin bahasına olursa-olsun" (rejissor Devid Makkenzi), "Gizli fiqurlar" (Ted Melfi), "Mançester sahilində" (Kennet Loneqran) və "Ay işığı" (Barri Cenkins) filmləri də mübarizə aparacaq.
   “Ən yaxşı rejissor” nominasiyasında da bu filmlərin rejissorları yarışacaq. “Ən yaxşı kişi rolu” nominasiyasında "Oskar" uğrunda Keysi Afflek ("Mançester sahilində"), Endrü Qarfild ("Vicdan mülahizələrinə görə"), Rayan Qoslinq ("La-La Lend"), Viqqo Mortensen ("Kapitan Fantastik") və Denzel Vaşinqton ("Çəpərlər") mübarizə aparacaq.
   “Ən yaxşı aktrisa” nominasiyasına İzabel Yupper ("O"), Rut Neqqu ("Lavinq"), Natali Portman ("Ceki"), Emma Stoun ("La-La Lend") və Meril Strip ("Florens Foster Jenkins") iddialıdır.
   "Xarici dildə ən yaxşı film” adı uğrunda nominantlar arasında daha öncə bu nominasiyada “Oskar” almış iranlı rejissor Əsgər Fəhradinin “Satıcı" filmi də var. Bu nominasiyada, gözlənildiyinin əksinə olaraq, rus rejissor Andrey Konçalovskinin "Cənnət" filmi yer almayıb.
   Qeyd edək ki, 89-cu "Oskar" mükafatlarının təqdimolunma mərasimi 26 fevralda Los-Ancelesin «Dolbi» teatrında baş tutacaq. 
   
   İlona Qubadova